ADY: “Qatara daş atma, təhlükə yaratma!” 

Hazırda oxunan: ADY: “Qatara daş atma, təhlükə yaratma!” 

187953

Ötən bir həftə qatarlara daş atılması ilə bağlı xəbərlər ölkə mediasının gündəmini zəbt etmişdi. Hadisəni törədən azyaşlıların və valideynlərinin polis şöbəsinə dəvət olunması onu göstərir ki, bu kimi zərərvurma halları cəzasız qalmır. Yeniyetmələrin dövlət əmlakına ziyan vurması, qatardakı insanların həyatını təhlükəyə atması və məsuliyyətsiz davranışları isə sosial media istifadəçiləri tərəfindən kəskin şəkildə qınanıldı. 

Atılan daşlar nə qədər insanın faciəsinə səbəb olur?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, dəmir yolu qəzaları, o cümlədən kənar müdaxilələr hər il dünyada minlərlə insanın ölümü və xəsarət alması ilə nəticələnir. Avropa, Asiya və Şimali Amerika kimi geniş dəmir yolu şəbəkələrinə malik regionlarda baş verən neqativ hadisələrin intensivliyi daha yüksəkdir. Hindistan və Pakistanda hər il daş atma hadisələri nəticəsində böyük faciələr yaşanır. 2022-ci ildə Hindistanda bu hadisələrin sayı rekord həddə çataraq 2 minə yaxınlaşıb və 400-dən çox insan həbs olunub. 

Belə halların iqtisadi zərəri ölçüyə gəlmir

Bu cür pozuntular təkcə sərnişinləri narahat etmir, həm də əhəmiyyətli təhlükəsizlik riskləri və iqtisadi fəsadlar yaradır, qatarların hərəkət cədvəllərini pozur. Beynəlxalq Dəmir Yolu Sənayesi Assosiasiyasının (UIC) hesabatına görə, dünyada dəmir yolu vandalizmi nəticəsində infrastrukturun zədələnməsi, əməliyyatların pozulması hər il milyardlarla dollar itki ilə nəticələnir. 

Belə pozuntularla mübarizədə beynəlxalq hüquqi əməkdaşlığın təşviqi üçün Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasında dəmir yoluna da xüsusi diqqət ayrılıb. 
Avropada dəmiryol infrastrukturuna, dövlət əmlakına vurulan ziyana görə yüksək cərimələr tətbiq olunur, cinayət işi açılır. Bir neçə il əvvəl Brüsseldə bir qrup yeniyetmənin qatara daş atması nəticəsində həmin istiqamətə gedən qatarların hərəkəti bir neçə saat dayandırılmışdı və bu, hərəkət qrafikinin ciddi pozulmasına, sıxlığa səbəb olmuşdu. 

Qardaş Türkiyədə də bu məsələ ciddi təhlükəsizlik problemidir. İllər əvvəl Türkiyənin müxtəif bölgələrində il ərzində yüzlərlə daşatma hadisəsi qeydə alınır, ciddi yaralanma halları yaşanırdı. Aparılan maarifləndirmə kampaniyaları nəticəsində bu faktlar kəskin şəkildə azalsa da, hələ də azyaşlıların təhlükəli “əyləncəsi” davam edir.

Bəs, ölkəmizdə vəziyyət necədir?

Təkcə 2024-cü ilin arxada qalan dövründə Azərbaycan Dəmir Yollarının (ADY) hərəkətdə olan qatarlarına 10 dəfə daş atılıb. Nəticədə qatarın pəncərələrinə ciddi ziyan dəyib, qatarda olan hər kəsin həyatı risk altına düşüb.  Belə hallar baş verdikdə dövlət əmlakına vurulan maddi zərər hadisəni törədən şəxslər və ya azyaşlıdırlarsa, valideynləri tərəfindən ödənilir. Nəzərə alaq ki, müasir “Stadler” qatarlarının pəncərələrinin qiyməti 5-15 min avro arasında dəyişir.

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşdiyini, regionda nüfuzlu və etibarlı yükdaşıma tərəfdaşı olduğunu nəzərə alsaq, dəmir yollarına edilən hər hansı kənar müdaxilə həm də ölkəmizin beynəlxalq imicinə zərbədir. 
Müşahidələr göstərir ki, ADY bu hallarla mübarizəni gücləndirmək üçün təhlükəsizlik tədbirlərini artırır. İctimaiyyətin maarifləndirilməsi üçün kampaniyalar aparır, mütəmadi olaraq “Təhlükəsizlik həftəsi” elan edir.

“Sizin təhlükəsizliyiniz bizim öhdəliyimizdir” şüarı ilə aparılan kampaniyanın əsas elementlərindən biri də ictimai dəstəkdir. 

Yeri gəlmişkən ADY vətəndaşlardan dəmir yollarında təhlükəsizliyə risk yaradan hallarla qarşılaşdıqları zaman 1822 Əlaqə Mərkəzinə məlumat vermələrini xahiş edir. Gəlin öz təhlükəsizliyimizə, özümüz təminatçı olaq. Bir nəfər kimi “Qatara daş atma, təhlükə yaratma!” - deyək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO