Qanunsuz “parkovşiklər” yenə İŞ BAŞINDA – İndi də gecələr sürücülərdən pul TƏLƏB edirlər

Qanunsuz “parkovşiklər” yenə İŞ BAŞINDA – İndi də gecələr sürücülərdən pul TƏLƏB edirlər

Hazırda oxunan: Qanunsuz “parkovşiklər” yenə İŞ BAŞINDA – İndi də gecələr sürücülərdən pul TƏLƏB edirlər

185270

Ötən ildən paytaxtın küçə və prospektlərində, həmçinin, yeraltı avtomobil dayanacaqlarında nəqliyyat vasitələrinin parklanması ödənişlidir. Şəhər bir neçə zonaya bölünüb və parkinq qiymətləri də buna uyğun müəyyən edilib. Müəyyən olunmayan zonalarda və həftə içi saat 22:00-dan saat 07:00-dək, həftənin bazar günü avtomobillərin parkinqi üçün ödəniş tələb olunmur.

Buna baxmayaraq, şəhərin bəzi ərazilərində bazar günü sürücülərdən parklanma üçün pul istəyən “parkovşik”lərə rast gəlinir. 

Redaksiyamıza müraciət edən sürücülərin bildirdiyinə görə, həmin şəxslər hətta həftə içi, xüsusilə, axşam saat 7-dən sonra paytaxtın müxtəlif yerlərində gözə dəyirlər. Onlar sürücülərə müəyyən istiqamət göstərib, sonra da parklanmaya görə pul tələb edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda daha bir parkinqdə qiymətlər kəskin artırılır – CƏDVƏL/FOTO 


Qeyd edək ki, son günlər paytaxtın bir neçə ərazisində parkinq qiymətlərinin artırılması kəskin narazılığa səbəb olub. Parklanmanın pulsuz elan olunduğu saatlarda da işbazların sürücülərdən qeyri-qanuni pul tələbi onların narazılığını daha da artırır.

Bəs bununla necə mübarizə aparılmalıdır? Bu kimi halların olmaması üçün parklanma necə tənzimlənməlidir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, qurum bu cür hallarla mübarizə aparmır və sürücüləri parklanmaya görə nağdsız şəkildə ödəniş etməməyə çağırır:

“Parklanmaya olan tələbatdan asılı olaraq paytaxtın müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. 

Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir. Ödənişlər mobil tətbiq və sms üzərindən yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə deyib ki, parklanmanın tənzimlənməsi uzun vaxt aparacaq:

“Konkret olaraq ödəniş tələb edilməyən vaxtlarda və ya həftənin digər günləri ödənişli olan yerlərdə saat 7-dən sonra ərazidə olanlara insanlar müəyyən ödənişlər edirlər və edəcəklər. Çünki hələki “sarı jiletli”lərlə mübarizə tam yekunlaşmayıb, müəyyən ərazilər var ki, o ərazilərdə müxtəlif insanlar qrup halında və ya fərdi sahibkar olaraq fəaliyyət göstərməyə maraqlıdırlar.

Ona görə də həftənin digər günləri insanlardan kimlərinsə ödəniş alması qeyri-adi və sonlanan proses deyil. Çünki parklanma ilə bağlı işlər yekunlaşmayıb, vaxt aparan prosesdir. Bunun üçün bir il və daha çox müddət lazım olacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO