Tovuz Rayon Mərkəzi Xəstəxanasında istilik sistemi ilə bağlı problem yaşanıb. Bu iddia ilə Bizim.Media-ya müraciətində Tovuz rayonu Bozalqanlı kənd sakini Natiq Orucov çıxış edib. Şikayətçinin sözlərinə görə qızılcaya yoluxan 9 aylıq körpəsini iki gün əvvəl Tovuz Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib.
Bir gecə qalandan sonra istilik sistemi olmaması səbəbindən xəstəxanadan çıxarıb:
“9 aylıq oğlum Osman Orucovu iki gün əvvəl axşam saat 23:00-da Tovuz Rayon Mərkəzi Xəstəxanasına apardım. Qızılca diaqnozu ilə qəbul edib, xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirdilər. Gecə saat 3-də yoldaşım zəng etdi ki, xəstəxanada istilik yoxdur, soyuqdan donuruq. Fikirləşdim ki, yəqin istilik sistemində müvəqqəti problem yaranıb, yoluna qoyulacaq.
Səhər saat 7-də xəstəxanaya getdim ki, istilik yenə yoxdur. Etirazımı bildirdim, problemlə bağlı tutarlı cavab ala bilmədim. Uşağı çıxarmaq istəyimi bildirəndə növbətçi həkimlər mane olmağa çalışdılar. Əsas da onu gətirdilər ki, saat 9-da həkimlər gəlsin və imtina ərizəsi yazmalıyam. Uşağı buz kimi otaqda saxlayası deyildim ki?! Oğlumu xəstəxanadan çıxartdım, dünən isə xəstəxananın təkidi ilə gedib imtina ərizəsi yazdım və şikayətimi ərizədə də bildirdim”.
Natiq Orucov qeyd edib ki, xəstəxanada istiliyin olmaması təkcə onun övladının deyil, digər uşaqların həyatını da təhlükə altına almış olur:
“Bilirsiz ki, ölkədə qızılca tüğyan edir. Belə bir vəziyyətdə xəstə uşaqlar soyuq və buz kimi otaqlarda necə sağalsın? Çox güman ki, istilik fasilələrlə verilir. Çünki mən, bir gün sonra xəstəxanaya imtina ərizəsi yazmaq üçün gedəndə istilik vardı”.
Şikayətçi onu da əlavə edib ki, sahə həkimi nə onun, nə də qonşuların uşaqlarını bir dəfə də olsun yoxlamağa gəlib:
“Kəndimizdə qızılcaya yoluxan uşaqlar çoxdur. Onların arasında sağalanlar da var. Qonşu Qədirli kəndində ölüm halı da baş verib. Amma bir dəfə də olsun sahə həkimi gəlib bu körpələri yoxlamır. Uşaqların həyatı Allahın ümidinə buraxılıb.
Təsəvvür edin ki, 9 aylıq uşağa xəstəxanada sistem qoşa bilmədilər. Xəstəxanada nə lazimi şərait, nə də tibb personalı var.
Mənim övladım Tovuz rayon Mərkəzi Xəstəxanasında 2018-ci ildə doğulub. O vaxt da xəstəxananın lampalarını öz hesabıma dəyişdim və evdən qızdırcı soba aparmışdım. Həkim çatışmazlığından isə danışmağa dəyməz”, - deyə şikayətçi əlavə edib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik. Qurumdan saytımıza məsələnin araşdırılacağı və daha sonra məlumat veriləcəyi bildirildi.
Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 27.02.2024
Tovuz Xəstəxanasında istilik niyə YOXDUR? - 9 aylıq qızılcalı körpəsini xəstəxanadan çıxaran atadan ŞİKAYƏT
Hazırda oxunan: Tovuz Xəstəxanasında istilik niyə YOXDUR? - 9 aylıq qızılcalı körpəsini xəstəxanadan çıxaran atadan ŞİKAYƏT
Hazırda oxunan: Tovuz Xəstəxanasında istilik niyə YOXDUR? - 9 aylıq qızılcalı körpəsini xəstəxanadan çıxaran atadan ŞİKAYƏT
180117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.