Gözəllik salonlarında qəbz FIRILDAĞI – Kassa aparatının qoyulmamasına niyə GÖZ YUMULUR?

Gözəllik salonlarında qəbz FIRILDAĞI – Kassa aparatının qoyulmamasına niyə GÖZ YUMULUR?

Hazırda oxunan: Gözəllik salonlarında qəbz FIRILDAĞI – Kassa aparatının qoyulmamasına niyə GÖZ YUMULUR?

169776

Azərbaycanda gözəllik salonları və bərbərxanalarla bağlı ara-sıra müxtəlif şikayətlərə rast gəlirik. Şikayətlərin çoxu salonlarda gigiyenik qaydalara əməl olunmaması ilə bağlıdır. Salona gedən xanımlar salon işçilərinin onları gözəlləşdirmək yerinə görkəmlərinin eybəcər hala salınmasından, saçlarının yandırılmasından, dərilərində yaranan problemlərdən gileylənirlər.

Digər problem isə salonlara xidmət müqabilində ödənən pulla bağlıdır. Müştərilər həm xidmətlərin baha olduğunu, həm də xidmət qarşılığında pul ödədikləri halda onlara heç bir qəbzin verilmədiyini dilə gətirirlər. Xidmətdən narazı qaldıqda isə qəbz olmadığı üçün bunu heç bir halda sübut edə bilmirlər.

Bəs, bu, qanunla necə tənzimlənir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayev deyib ki, gözəllik salonlarında kassa aparatlarının qoyulmaması qanunsuzdur:

“Vergi qanunvericiliyinə görə, əhaliyə göstərilən istənilən xidmət üçün mütləq ya elektron qaimə, ya da qəbz verilməlidir. O yerlərdəki, məsələn, gözəllik salonları, bərbərxanalarda xidmət yerində göstərilir, onda mütləq kassa qəbzi verilməlidir. Onlarda kassa quraşdırılmalı, vergi idarəsində həmin kassa qeydiyyata alınmalı, elektron sistemə birləşdirilməlidir. Hər hansı xidmət növünün qəbz verməkdən azad olunması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Tutaq ki, iş şifahi müqavilə yolu ilə həyata keçirilir. Bundan ötrü də ödəniş olmalıdır, ödənişin də əvəzində münasibətləri təsdiq etmək üçün sənəd verilməlidir”.

Həmsöhbətimiz bildirib ki, müştəriyə kassa qəbzi verilmirsə, o narazı qaldığı işlə bağlı asanlıqla iddia qaldıra bilməz:

“Məsələn, müştəri hansısa proseduru elətdirib və evə gedəndən sonra problemlə qarşılaşıb. Keyfiyyətsiz iş görüldyünü, aldadıldığını, hansısa keyfiyyətsiz dərmanlardan istifadə olunduğunun fərqində olub. Kassa qəbzinin verilməsi o deməkdir ki, bu şəxs əgər nədənsə narazı olsa, əlində qəbz olduğu halda şikayət edə bilər”.

O, belə halların digər obyektlərdə baş verdiyini vurğulayaraq, vergi idarələrinin məsuliyyətsizliyini qınayıb:

“Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, həmin salonlar vergi idarəsi ilə qanunsuz münasibətdədirlər. Ona görə də vergi nümayəndələri kassa aparatının olmamasına göz yumur. Vətəndaş kimi deyə bilərəm ki, Sumqayıt şəhərində bir çox apteklər var ki, gündəlik dövriyyəsi minlərlə manatdır. Həmin apteklərdə növbədə duranda bunu müşahidə edirəm. Heç kimə qəbz verilmir, ancaq kim ƏDV-nin qaytarılması üçün çek tələb edirsə, onda verilir.

Bu da vergi idarələrinin öz vəzifərinə məsuliyyətsiz yanaşmasının nəticəsidir. Satışlar, qəbzlər kassa aparatına vurulmadığı üçün də vergi ödənişindən, büdcəyə pul ödənişindən yayınmalar var. Bu, çox kütləvi hal alıb, kütləvi vergi yayınması da kütləvi məbləğdə olur. Çünki kassa aparatı qoyulmamış obyektlərin sayı həddindən artıq çoxdur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO