Teleməkanımızda əyləncə xarakterli proqramlar çox olsa da, tamaşaçılar uşaqlar üçün verilişlərin azlığından şikayət edirlər. Uşaqların verilişlərə və cizgi filmlərinə tələbatı ödənilmədiyindən, onlar xarici, xüsusilə də Türkiyənin uşaqlar üçün nəzərdə tutulan proqramlarına meyllənirlər.
Bakı Dövlət Universitetinin professoru, teletənqidçi Qulu Məhərrəmli Bizim.Media-ya açıqlamasında Azərbaycan teleməkanında uşaq auditoriyasını maraqlandıran verilişlərin azlığından təəssüflənib:
MÖVZU İLƏ BAĞLI:
Oyuncaqlar uşaqlarımızı necə formalaşdırır? – TƏHLÜKƏ ANI
“Əksər telekanallarımız uşaqlar üçün maraqlı verilişlər hazırlamağa çalışır. Amma hiss olunur ki, onların maliyyə və texniki problemləri var.
Çünki həmin uşaq verilişlərinin televiziya standartlarına uyğunlaşması ilə bağlı problemlər gözə dəyir. Halbuki bizim televiziya ənənəmizdə uşaq verilişlərinin xüsusi yeri olub.
Vaxtilə AzTV-də, ANS-də, ANS ÇM-də, İctimai TV-də belə verilişlər çox idi. Lakin birdən-birə bu kimi proqramlar yoxa çıxmağa başldı. Təbii ki, bunun əsas səbəbi, proqram siyasətindəki boşluqlar və maliyyə çatışmazlığıdır. Uşaq verilişlərini açmaq, onu davamlı və sistemli efirə vermək xeyli zəhmət, xüsusi yanaşma tələb edir. Ona görə də televiziyaların bir çoxu özünü bu şəkildə əziyyətə salmaq istəmirlər”.
Teletənqidçi əlavə edib ki, problemin qarşısını almaq üçün büdcədən maliyyələşən televiziyalarımız bu kimi proqramlara diqqət yetirməlidirlər:
“Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və uşaq hüquqları ilə bağlı çalışan ictimai təşkilatlar öz fəallığını əsirgəməməlidirlər. Uşaq verilişləri həmişə maraqlı olur. Televiziyalar bu baxımdan proqram siyasətinə geniş baxmalıdırlar”.
Nuranə Daxilqızı, Bizim.Media