Xəbər verdiyimiz kimi, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesi başlayıb. Artıq bir qrup erməni vətəndaşlıq almaq üçün Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət edib.
Başlanan bu prosesi sürətləndirmək üçün Azərbaycan dövləti də vətəndaşlıq alan ermənilərin hüquq və vəzifələri barədə ötən gün Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb. Məlumatda deyilir ki, Qarabağın erməni sakinlərinin erməni dilindən istifadəsinə imkan yaradılır.
Etnik ermənilərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Bundan başqa Qarabağın erməni sakinləri ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunur.
Burda maraqlı məqamlardan biri də odur ki, Azərbaycan vətəndaşlığını qəbul etmiş ermənilərə sahibkarlıqla məşğul olmaq üçün də çox sayda güzəştlər ediləcək.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, vergi və gömrük güzəştləri milliyətə və şəxsə deyil, vətəndaşa şamil olunur:
MÖVZU İLƏ BAĞLI:
Qarabağ erməniləri manatdan istifadə edəcək
“Təbii ki, Azərbaycanın da mövqeyi ondan ibarətdir ki, kim qalıb vətəndaşlığı qəbul etsə və Azərbaycan qanunları ilə yaşayacaqsa, etnik mənsubiyyətindən asılı olmayaraq onlar da bütün dövlət proqramlarından və güzəştlərdən faydalanacaqlar.
Hazırkı mövqe budur. Ən ədalətli və doğru olan mövqe də budur. Çünki heç bir güzəşt etnik mənsubiyyətinə görə yox, vətəndaşlığa görə verilir.
Azərbaycanın bütün vətəndaşları da zaman-zaman müxtəlif güzəştlərdən yararlanıblar. Hazırda işğaldan azad olunmuş ərazilərə qayıdan bütün soydaşlarımız müxtəlif güzəştlər alırlar. Qarabağda qalıb, Azərbaycan vətəndaşlığını qəbul edəcək bütün ermənilər də həmin güzəştlərdən faydalanacaqlar”.
Surxay Atakişiyev, Bizim.Media