Bu gün ölkəmiz və dünyada Beynəlxalq Yerli Xalqlar Günü kimi qeyd olunur.
Azərbaycan dünyada bir çox xalqların birlik və bərabərlik şəraitində yaşadığı tolerant məkanlardan biridir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edilməklə dünyada bir ilkə imza atıb. Daha sonra həmin il çərçivəsində ölkəmiz “Multikultural və tolerantlığa dair beynəlxalq konfrans”lara ev sahibliyi edərək bəşəriyyətə öz milli-mənəvi dəyərlərini çatdırdı. Bununla yanaşı ona qucaq açan xalqların birgəyaşayış nümunəsini də ortaya qoyaraq öz sözünü demiş oldu.
25 xalqın yaşadığı Şimal-Qərb bölgəsi
Azərbaycanın Şimal-Qərb bölgəsi xüsusən Qax, Zaqatala və Balakən rayonları nəinki ölkəmizdə eləcə də dünyada tolerantlıq mərkəzi kimi tanınır. Təkcə bu bölgəmizdə 25-ə yaxın müxtəlif xalqın nümayəndəsi əsrlərdir ki, birlik bərabərlik şəraitində yaşayır, öz dil-din və folklorunu inkişaf etdirir.
Şimal-Qərb qapımız sayılan Balakən xalqların qaynayıb-qarışmasına görə hər zaman fərqlənib və nümunə olub. Bu rayonda elə ailələr var ki. iki və daha çox xalqın nümayəndəsi bir ailədə birləşir və onların evliliyi daha uğurlu olur. Hər kəsə nümunə göstərilir. Bir neçə xalqın nümayəndəsinin ailə vəhdətini təşkil edən belə ailələrdən biri də Osmanovlardır.
Dörd xalqın birləşdiyi ailə
Lyudmila və Əziz Osmanovla Balakən uşaq incəsənət məktəbində tanış oluruq. Onlar nəvələri Aişənin fortepiano dərsini izləməyə gəlir.
Lyudmila osetin, Əziz kişi isə avar xalqının nümayəndəsidir. Tale elə gətirib ki, onlar ötən əsrin 70-ci illərində Tacikstanda tanış olur və evlənirlər. Ailənin üç qız övladı var. Onlar artıq 22 ildir ki, Balakənə gəliblər.
Osetin xalqının nümayəndəsi Lyudmila Osmanova “Mənim ailəm beynəlmiləldir. 3 qızım var. Böyük kürəkənim tacik, ikincisi azərbaycanlı, üçüncüsü isə avardır. Mən onlardan çox razıyam. Qeyd edim ki, biz 40 il Tacikstanda yaşamışıq. Mən bura gələrkən sanki elə öz evimdə olduğum kimi özümü hiss edirdim və heç bir qəriblik, yadlıq hiss etmədim” - deyir.
Lyudmila xanım onu da əlavə edir ki, Azərbaycan xalqı böyük xalqdır ki, orada yaşayan millətləri özününkündən ayırmır. O bildirir ki, nəvəsinin dərs aldığı uşaq insəsənət məktəbi də çoxmillətli və bənzərsiz kollektivdir:
“Mən tez-tez nəvəmin dərs aldığı bu məktəbə gəlirəm. Çünki burada elə bir xoş atmosfer var ki, sevinməyə bilmirsən. Mən osetin xalqının nümayəndəsi olaraq burada çox rahatam, bizə, rus dilində danışanlara zərrə qədər olsun kiminsə nəsə deməsini xatırlamıram. Biz burada ailəmizlə çox xoşbəxt və rahat yaşayırıq”, - deyən Lyudmila xanım tez-tez getdiyi Orta Asiya respublikalarında, Rusiyada bu barədə danışdığını sözlərinə əlavə edir.
Dünya xalqlarının rəqsini öyrənən balaca rəqqas.
Bu balaca rəqqas qızın adı Xatiyadır. Ailəsi rayonun ucqar İtitala kəndində yaşayır. Həmin kənd Nənələr folklor qrupu ilə məşhurdur. Xatiyanın anası Naira Muradova yaşadığı kənddə ingiloy dilində dərs deməklə yanaşı uşaqlarının mədəni həyatına da ciddi fikir verir, vaxt ayırır. Anası qızını rəqs dərnəyinə gətirməklə müxtəlif xalqların rəqslərinin öyrənməsinə səy göstərir.
İngiloy xalqının nümayəndəsi Naira Muradova deyir ki, iki övladı var. Onun özü isə Aslan Balayev adına İtitala kənd tam orta məktəbində dərs deyir.
“Övladlarımdan biri idmanla məşğuldur. Digəri isə uşaq incəsənət məktəbində bizim və dünya rəqslərini öyrənmək məqsədi ilə rəqs dərnəyinə gətirirəm. Rəqslə bərabər pionino dərslərini öyrənir” deyən Naira xanım Azərbaycan vətəndaşı kimi bununla fəxr etdiyini ifadə edir. 12 xalqın nümayəndəsinin çalışdığı və məktəblisinin təhsil aldığı məktəb.
Balakən uşaq-incəsənət məktəbinin direktoru Arifə Tağıyeva bildirir ki, bu musiqi ocağında 11 ixtisas üzrə 310-a yaxın şagird təhsil alır. Onların təlim-tərbiyə və təhsili ilə 60 müəllim məşğul olur. Müəllim və şagirdlər arasında müxtəlif xalqın nümayəndəsi var ki, onların da hər biri öz dil-din və folklorunu öyrənməkdə tam sərbəstdir.
“Balakən rayonunda 20-dən çox azsaylı xalqın nümayəndəsi yaşayır. Eləcə də bizim məktəbdə onların nümayəndələri çalışır və fəaliyyət göstərir. Burada 12-dən çox xalqın övladları müxtəlif ixtisaslar üzrə təhsil alır, ölkədaxili və beynəlxalq festivallarda uğurla çıxış edirlər. Onlardan Rəhimli Xatiya, Ramazan Hüseynov, Əzimova Diana və başqalarını nümunə göstərə bilərik”- deyən Arifə Tağıyeva bu rəngarəng mühitdə uğurlu nəticələr qazandıqlarını sözlərinə əlavə edir.
Arifə Tağıyeva söhbət əsnasında onu da diqqətə çatdırdı ki, Şuşada keçirilən ilk Xarı Bülbül Festivalında bu təhsil ocağının müxtəlif xalqlardan olan məzun və şagirdlərinin yer alması qürurverici və diqqətəlayiq haldır. Kollektiv ölkəmizdə keçirilən azsaylı xalqların musiqi festivalına qatılmaqla yanaşı həm də vaxtaşırı olaraq beynəlxalq müsabiqələrdə də təmsil olunur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu