Şuşada gördüklərim: Xanın kəndi də azadlığına az qaldığını hiss edir - FOTO

Şuşada gördüklərim: Xanın kəndi də azadlığına az qaldığını hiss edir - FOTO

Hazırda oxunan: Şuşada gördüklərim: Xanın kəndi də azadlığına az qaldığını hiss edir - FOTO

146698

Şuşaya növbəti səfərimizdə qəribə, həm də o qədər də təəccüblü olmayan mənzərə ilə qarşılaşdım. Sanki ilk səfərim idi və 30 ilə yaxın işğal dövründən sonra Azərbaycan əsgərinin süngü ilə azad etdiyi, Ali Baş Komandan İlham Əliyevin Zəfər tariximizə qızıl hərflərlə yazdığı Şuşanı ilk dəfə idi görürdüm. Qəribə hislərdir, lakin təəccüblü deyil, çünki Şuşa hər qarış torpağı əziz olan Azərbaycanımızın baş tacıdır və şəhərin ruhu insana bu hisləri yaşadır...

Səfərimiz Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı ilə bağlı idi. Artıq Vaqifin ruhunun də Şuşaya qayıtdığı, rahatlıq tapdığını deyə bilərik. Ən gözəl və ən xoş olan məqam Vaqif Poeziya Günlərinin təşkilinin də artıq təbii prosesə çevrilməsidir. Bu, Poeziya Günlərinin sıradan tədbirə çevrilməsi deyil, əksinə hər keçən il daha yüksək səviyyədə təşkil edildiyinin şahidi oluruq. Bu, Vaqif ruhunun, ədəbiyyatımızın, mədəniyyətimizin Şuşaya qayıtdığının real mənzərəsidir...





Buna görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür düşür, çünki bu qurumlar sözün gerçək mənasında mədəniyyətimizin ruhunun Şuşaya qayıtmasında mühüm işlər görürlər. İyulun 14-də açılışı olan Vaqif Poeziya Günlərinin bunun nümunələrindən biridir. 

Açılış mərasimində cənab Prezidentin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, digər dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak edirdilər.

Hər bir çıxışda xüsusi diqqətçəkən məqam mədəniyyətimizin Şuşaya qayıdışından doğan qürur vardı. Tədbirdə Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhad Kabaklı, Özbəkistanın Xalq artisti Xurşud Davron da iştirak edirdi. Onların da üzündə bu qüruru hiss etmək olurdu. Vətənpərvərlik mövzusunda şeirlər oxunurdu, Şuşaya həsr olunmuş misralar səsləndirilirdi. Tanınmış sənət adamlarının konsert proqramı da oldu. Natəvanın evi qarşısında “Dövri-səda” adlı konsert proqramı təqdim olundu.





Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirlər həqiqətən də çox möhtəşəm idi. Vaqif Poeziya Günlərinin iştirakçıları təkcə Azərbaycanın yox, həm də “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşanın tarixi məkanları ziyarət etdilər...

Cıdır düzü öz möhtəşəmliyi ilə minillərdir dəyişməz olaraq qalır. Nə işğal, nə düşmən tapdağı bu torpaqların ruhunun dəyişməsinə səbəb olmadı, torpaq 30 il öz sahibini gözlədi, qoynunda çiçəklər bəslədi, Xarıbülbülün solmasına imkan vermədi. Öz azadlıq gününü gözlədi və artıq Şuşa da, Cıdır düzü də öz azadlığına qovuşub. 



Cıdır düzündən yolumuzu gözləyən Xankəndinə boylandım. Ovuc içi kimi görünür. O əzəmətli torpaqlardan Xankəndinə boylananda insan bir daha əmin olur ki, nə oradakı separatçı-terrorçu dəstələr, nə də onların havadarları Azərbaycanın, güclü Ordumuzun qarşısında duruş gətirə bilməzlər. Artıq son nəfəsləridir və tezliklə Xankəndində də üçrəngli bayrağımız dalğalanacaq, vətəndaşlığı qəbul edən ermənilər normal insan kimi yaşayacaq, suverenliyimizə təhdid yaradan hər kəs üçün ən yaxşı seçim qaçmaq, gəldikləri yerə qayıtmaq olacaq. Cıdır düzündən boylananda buna əminlik daha da artır...

Bu gün gözəl və əzəmətli Şuşamız cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın rəhbərliyi altında yenidən qurulur, işğal dövründə dağıdılan şəhərin tarixi-kimliyi özünə qaytarılır.





Şuşanı gəzdikcə anlayırsan ki, buranın hər daşı, qayasında milyon sirr gizlənir. Burada hələ də erməni işğalının qalıqları qalıb. Xankəndi yolunun kənarındakı yaşı 50-60 il olan çinar ağaclarının altındakı tarixi çayxananın ermənilər tərəfindən dağıdılmış qalıqlarının da şahidi oldum.  Sovet dövründə bura turistlərin ən çox dayandığı yerlərdən biri idi. Şuşalılar yaxşı xatırlayarlar, bu çayxana ən çox kəklik otlu çayı ilə məşhur idi. Şuşaya gəlib-gedənlər mütləq burada çay içərdilər. İndi həmin çayxananın qalıqları qalır.

Amma tezliklə ora da bərpa olunacaq, o gözəl kəklikotu ilə çayımızı ləzzətlə içəcək, üçrəgnli bayrağımızın əzəməti, qüdrəti altında rahat dincələcəyik. Elə çayımızı içib, oraya 10 kilometrlik məsafədə yerləşən tarixi Xankəndi şəhərimizə də gedəcəyik. Buna adım kimi əminəm. 

Şuşadan ayrılanda bir fikir beynimdə dolanır və bunu Xankəndinin eşitməsini istəyirdim. Gözlə bizi Xankəndi, az qaldı, lap az...

Əminəm ki, Xanın kəndi də azadlığına az qaldığını hiss edir.

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO