“Türkiyədə Səhiyyə Nazirliyinin əməkdaşları mülki şəxs qismində aptekə gəlib, dərman alıb, sonra vəziyyəti monitorinq edirlər. Əgər dərmanın tərkibində problem olarsa, nazirlik apteki bağlaya bilər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı LAYİHƏ HAZIRLANIR” – Komitə sədri
“Hesab edirəm ki, bizim apteklərdə də bu cür reydlərin keçirilməsinə ehtiyac var. Belə olarsa, bir çox problemlərin həllinə nail olmaq olar. Vahid qiymət məsələsinin isə bir sıra səbəbləri var.
Məsələn, şəhərin mərkəzində və kənarında yerləşən obyektlərin icarə haqqı bir deyil. Lakin qiymət fərqinin böyük olmamasına diqqət yetirilməlidir.
Digər tərəfdən, alman apteklərində qiymətlər Almaniyadan 20 dəfə baha satırlar. Almaniyada 5 avroya olan dərmanı burada 150-170 manata satırlar. Bunun da bir həddi olmalıdır.
Eyni zamanda, gömrükdə şəxsi istifadə üçün dərman gətirilməsinə problemlər yaradılır. Bu məsələ ilə də bağlı da qanun layihəsi çərçivəsində baxılmasına ehtiyac var”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media