“Süd qrupu qidalarından olan kefir əhəmiyyətli bir zülal və kalsium qaynağı olduğu üçün oruc tutanlar iftar və imsak yeməklərinə kefir əlavə edə bilərlər. Belə ki, kefir yüksək qida dəyəri olan yaxşı zülal qaynağıdır, Ramazan ayında oruc tutarkən tox qalmağı təmin edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin qidalanma və pəhriz mütəxəssisi Əslixan Kara səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Oruc tutmaqla xərçəngdən sağalmaq mümkündür? – Onkoloqdan AÇIQLAMA
O bildirib ki, süd qrupu qidaları zülal, kalsium, vitamin B2 və B12 başda olmaqla bir çox qida mənbəyidir:
“Süddə olan bütün qida maddələri kefirin tərkibində var. Bundan başqa, müəyyən edilib ki, kefirin tərkibində orqanizm üçün son dərəcə zəruri olan və qida ilə birlikdə qəbul edilməli olan amin turşuları və bəzi yağ turşuları var. Kefir yüksək qida dəyərinə malik olduğu və yaxşı zülal qaynağı olduğundan Ramazan ayında uzun sürən aclıq müddətində bizi tox tutar”.
Günümüzdə xəstəliklərdən qorunmaq və sağlam yaşamaq üçün probiotik qidaların istehlakının artdığını qeyd edən dietoloq Kara kefirin sağlamlıq üçün faydalarını belə izah edib:
“Kefir, tərkibində 50-dən çox probiotik bakteriya və maya növü olan təbii kompleks qıcqırdılmış süd məhsuludur. Kefirin istehsalında əmələ gələn bəzi vitaminlər və müxtəlif metabolitlər insanın bağırsaq florasına və immun sisteminə müsbət təsir göstərir.Kefirin tərkibində çoxlu antioksidanlar var, xüsusən də arzuolunmaz bağırsaq sindromu, hipertoniya, xroniki xəstəliklər riski, metabolik pozğunluqlar, xolesterin, maya infeksiyaları, yaralar, şəkər xəstəliyi, çəki nəzarəti və xərçəng kimi bir çox xəstəliyin müalicə prosesinə əhəmiyyətli təsir edir”.
Həkim onu da bildirib ki, immunitet sistemini infeksiyalara qarşı stimullaşdıran, mədə-bağırsaq problemlərinə müsbət təsir edən, depressiyanı azaldan kefiri gün ərzində ən çoxu iki stəkan içmək tövsiyə edilir. Uşaqlarda isə bu göstərici bir stəkan kimi götürülə bilər.
Aygün İbrahimli, Bizim.Media