“Aparılan araşdırmaların nəticələri onu göstərir ki, məişət zorakılığına məruz qalanların böyük əksəriyyəti orta təhsilli şəxslərdir. Belə ki, məsələ ilə bağlı sorğuya cəlb olunmuş respondentlərin 78 faizinin işsiz, 22 faizinin məşğul olması onu göstərir ki, məişət zorakılığına daha çox işsiz şəxslər (xüsusilə işsiz qadınlar) məruz qalırlar”.
Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Vəfa Ələkbərova məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Məişət ZORAKILIĞI - Qadın polislərin və sosial işçilərin sayı artırılmalıdır - TƏKLİF
Sektor müdiri bildirib ki, bu, qadınların məşğulluğunun təmin edilməsi istiqamətində daha geniş proqramların həyata keçirilməsinə ehtiyac olduğunu göstərir. Komitə rəsmisi ötən il məişət zorakılığı ilə bağlı quruma daxil olan rəqəmlər barəsində də danışıb:
“2022-ci il də Komitəyə məişət zorakılığına dair 544 müraciət daxil olub. 2021-ci ildə isə bu rəqəm 400 yaxın olub. Müqayisədə göründüyü kimi müraciətlərin sayı artıb və qeyd olunanlar bizə əsas verir ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” qəbul olunduqdan sonra həyata keçirilən maarifləndirici tədbirlər öz effektini göstərməkdədir. Zorakılıq qurbanları artıq müraciət etməkdən çəkinmir və daha məlumatlıdırlar”.
Aygün İbrahimli, Bizim.Media