Evdən qovulan ananın  ürəkdağlayan hekayəti

Evdən qovulan ananın ürəkdağlayan hekayəti

Hazırda oxunan: Evdən qovulan ananın ürəkdağlayan hekayəti

121210
Onun haqqında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovadan eşitmişdim. Və elə xəbər tutduğum günün səhərisi ayaqlarım özümdən də xəbərsiz məni düz onun yanına apardı, pənah gətirdiyi “Təmiz Dünya”x9d sığınacaq evinə. Daha öncələr də başqa məsələlərdən dolayı həmin sığınacağa  getməyi planlaşdırsam da nədənsə alınmamışdı. Ancaq bu dəfə alındı... 

Ünvanı tapdım, dar və köhnə eyvanla addımlayıb ağ qapını döydüm. Arxasında “qara bəxtli”x9d insanların sığınacaq tapdığı ağ qapını üzümə saçı-başı ağappaq, xoşsifət yaşlı bir nənə açdı. Mehriban xanımla görüşəcəyimi bildirdim, “Mehriban xanım indi yoxdur, amma siz buyurun burda başqa xanımlar var”x9d-deyərək məni içəri dəvət etdi. “Təmiz Dünya”x9d-nın işçi xanımlarına məni təqdim edib getdi. İçəridə iş başında olan bir neçə xanım var idi, gəlişimin məqsədi onlara çatdırdım. Xanımlardan biri dəhlizə keçib axtardığım ananı səslədi və elə həmin məni qarşılayan ağbirçək nənə otağa girdi. “Xanım səninlə intervyu etmək istəyir”x9d- deyib anayla məni tanış etdilər. Nənənin gözləri doldu, bikeflədi, gəlib düz qarşımdakı masada əyləşdi. “Qızım, nəyi soruşsan cavab verəcəm, ancaq nə adımı yaz, nə də şəklimi çək”x9d-deyərək məndən əvvəl sözə başladı. Və belə başladıq dərdləşməyə... Öyrəndim ki, görkəmindən hardasa 70 yaşında görsənən bu nənənin cəmi 53 yaşı var. Nənə deməyimdən də utandım, “Anam”x9d deyərək söhbətə başladım.

- Anam, kimin-kimsən, evin-eşiyin yoxdurmu ki, sən də yaşının bu vaxtında bura sığınmısan?

- Niyə ki, ay qızım, kimim də var idi, kimsəm də, evim də, eşiyim də. Ancaq iki aydır ki, evim bura, kimim-kimsəm də buradakı qızlarım, bacılarım olub. 

- Bəs necə oldu, hara getdi o kimin-kimsən? 

- Əslim-nəslim Arazın o tayındandır, 46-cı ildə ata-anam bu taya keçib. Naxçıvanda yaşayırdıq, həyat yoldaşım 15 il əvvəl Türkiyəyə işləməyə getdi ancaq qayıtmadı. 32 yaşında bir oğlum, 22 yaşında bir qızım var. Qızım  Təbrizdə ailəlidir, oğlum Naxçıvanda. Oğlumu evləndirdim, iki gün toy çaldırdım, nəvəm də var. Kimim-kimsəm olsa da onların yanında mənə yer olmadı. Oğlum evlənəndən sonra 180 dərəcə dəyişdi.

- Anam, özün seçmişdin gəlini, yoxsa oğlun sevib almışdı?

- Yox, özü seçdi, çünki onunla özü yaşayacaqdı. Mən bu gün varam, sabah yoxam. Mən də ona iki gün toy çaldırdım, oğlumun həsrətini gözündə qoymadım. Amma o, mənim həsrətimi gözümdə qoydu...

- Yoldaşın heç arayıb-axtarmadımı sizi? 

- Sonradan oğlum gedib tapdı atasın, gəlib evi də oğlumun adına keçirtdi, ancaq mənlə heç bir əlaqəsi yoxdur. 

- Qızınla da əlaqən yoxdur? 

- Yox var, hər gün zəng edir, mesaj yazır, burda olduğumdan da xəbəri var.

- Bəs niyə onlara getmədin, onlarla yaşamadın? 

- Qızımgilə gedirəm. 15 günlük gedirəm, kürəkənim sağ olsun, vaxtı bir-iki aylıq uzatdırır. Mən həm oranın vətəndaşı deyiləm, həm də orada uzun müddət qala bilmirəm. Bir insanın ki, oğlu baxmır, kürəkənə necə sığınsın? Onlara necə əziyyət verim, kürəkənimin anası belə onlarla yaşamır. Bilirsiz, hər evdə söz-söhbət olur, ev sözsüz gor əzabsız olmaz. Ancaq əsas odur ki, qızım mənim kimi küçələrdə deyil, bilirəm ki, ailəsi, iki uşağı, yaşamağa dörd divarı var. 

- Anam, bura necə gəlib çıxdın?

- Avtovağzala gəldim, iki gün orda qaldım, üçüncü gün dedilər ki, burda qala bilməzsən. Sağ olsunlar buranı soraq verdilər, bir oğlan məni bura gətirdi. İki ay olacaq ki, burdayam. Gecə yatdığım yerəcən salırlar, qayğıma qalırlar. O qədər nəvaziş görürəm ki, bunlardan, onu oğul evində cəmi bir həftə görmüşəm...

- Bura gələni oğlunla danışmısanmı? Bəlkə peşman olub? 

- Yox danışmamışam. Peşman olsa da getmərəm, mənə bura hər yerdən yaxşıdır. Burdakılar mənim balalarımdı. Hara getsəm də deyirəm ki, qayıdım öz balalarımın yanına.  (göz yaşlarını saxlaya bilməyib hönkürür) Burda hamı mənə mehribandır, oğlumda, gəlinimdə, 9 yaşlı nəvəmdə görmədiyim sevgini, böyük kiçikliyi bunlarda gördüm. Şərt maddiyyatda deyil, şərt mənəviyyatdadır, mən burda mənəvi dəstək görürəm və elə mənə də bircə o lazımdır. Neynirəm dünya malını, gedəndə bircə kəfən aparacam.
 
- Niyə axı, nə etmisən ki, onlar səndən imtina etdi?

- Heç nə etməmişəm, sadəcə oğlum qaynana qapısına yıxıldı, məndən imtina elədi. Nəvəm doğulandan məndən uzaqlaşdırdılar, oğlumun balasından doymadım. Nəvəm deyir ki, çıx get burdan, bura sənin evin deyil. Uşaqda da günah görmürəm, böyüklərin dediyiylə hərəkət edir. 

- Nəsildə, qonşuda bir ağsaqqal yoxdurmu ki, oğlunu başa salsın?

- Oğlum arvada elə yıxılıb ki, heç kimin sözünü eşitmir. Mən də ürəyimə daş bağladım verdim onu qaynanasına. Ağac əkdim, dibinə su tökdüm, böyütdüm, amma barın yemədim, barı mənimçün çürüdü... Dama-dama göl olmaz, su gərək yerdən qaynasın. O, bu deməklə olmaz ki, insanın gərək öz qeyrəti, vicdanı ola. Ona görə deyirəm ki, Allah oğluma insaf versin. Düzdür bağışlayaram onu, dilimin ucunda olsa belə bağışlayaram, amma evinə getmərəm daha. O qapı mənimçün birdəfəlik bağlandı, kilidini də itirdim. Şifrəli qapılar olur, ünvanı xatırlasam da qapının şifrəsini unutdum... Heç kəs isti ocağını, yuvasını qoyub getməz, əgər o evdə döyülmürsə, söyülmürsə heç vaxt evini tərk eləməz... Oğlum məni istəmədi, ölsəm də ona deməsinlər...
 
- Anam, 53 yaşındasan, ancaq elə görsənirsən ki, sanki dünyanın bütün dərdini, yükünü daşımısan. Niyə belə tez qocaldın, oğul indi vəfasız çıxdı, ondan əvvəl nələr baş verdi ki, səni belə erkən qocaltdı?

- Anam vəfat elədi tək qaldım, ataları getdi balalarımı tək böyütdüm. Saçımı süpürgə elədim. Yoldaşım özgəydi, mən də ona özgəydim, ancaq övlad axı öz canımdan idi. Övladımdır, heç nə demirəm, bircə onu istəyirəm ki, Allah ona özü kimi bir oğul verəydi və o zaman görəydi ki, oğul həsrəti, övlad həsrəti nədir.  

- İndiyəcən ər, qayınana şiddəti görən gəlinlərə demişik ki, nə olur-olsun balalarınızdan imtina etməyin. İndi sənin bu halını görən həmin analar övladlarından necə yapışarlar axı?

- Bir məsələni deyəcəm sizə, əgər ana uşağını atırsa, o uşaq böyüyəndə mütləq ananı axtarır. Dəfələrlə verilişlərdə belə hadisələri görmüşəm və onda demişəm ki, ay oğul, axı mən səni atmadım, bəs sən niyə məni atdın, sənə neyləmişdim axı? Ucaboy enlikürək bir oğul böyütdüm, başı bir yerə dəyər deyə iməkləməyə belə qoymadım, gözümün yağını yedizdirdim, mükafatım da bu oldu... Bu günümə də şükr edirəm amma. Rəhmətlik anam deyərdi ki, allah adamın ağlını əlindən alınca canın alsın. Ona görə şükr edirəm ki, allah ağlımı əlimdən almayıb. Həm də deyirlər ki, allah dərdi çox istədiyi bəndəsinə verər, yəqin allah məni çox istəyir ki, bu enişli-yoxuşlu yollara çəkir...

- Anam, oğlunun vəfasızlığında, dönüklüyündə özündə az da olsa günah axtarırsanmı? Bəlkə tərbiyyəsində nöqsanlara yol verdim deyib düşündüyün olurmu? 

- Bunu məndən neçə dəfələrlə soruşublar. Ancaq bu suala hələ də cavab tapmamışam. Bəlkə siz mənə kömək edəsiz? Bir uşaq idi, bacısıyla arasında 10 il fərq var. Bacardığım qədər düzgün tərbiyyə etməyə çalışmışam, musiqi, oyun, üzgüçülük dərnəklərinə yazdırmışam. Özüm aparıb özüm gətirmişəm ki, uşaqdır gedib pis yola düşməsin, pis yoldaşlarla təmasda olmasın. Çox dəcəl uşaq olub, kimisə yıxıb qolun əzib, həmin uşağı həkimə aparmışam, kiminsə eynəyini qırıb eynək alıb vermişəm, bacardığım qədər çərçivədən kənara çıxmamağa çalışmışam. Cibinə pul qoymamışam ki, get dostlarınla əylən, lazımsız yerləri gəz. Bir ana kimi əlindən tutub hər yeri gəzdirmişəm. Valideynlik borcunu artıqlamasıyla yerinə yetirdiyimi düşünürəm. Yox, əgər bu pis tərbiyədirsə, düz etməmişəmsə başqa nə deyə bilərəm ki...  

- Bəlkə də ərköyünlüklərini qəbul etməkdə səhvə yol vermisən...

- Bəs neyləyərdim axı, deyirlər ki, uşaq döydükcə sırtılır. Mən də döyməmişəm, oturdub başa salmışam. Kimlərəsə zərər verəndə məcbur olub o zərərləri qarşılamışam. Başqa cür də edə bilməzdim axı, məncə hər valideyn belə etməliydi.

- Anam, son olaraq oğul böyüdən analara nə demək istərdin? 

- Oğul böyüdən analara yox, oğullara deyərdim ki, ananın pisi olmaz, analar pis olmaz. Günəş günəşdir, ancaq onda da ləkə var, ay aydır, ancaq ayın da üzündə ləkə var. Heç kim səhvsiz deyil, bu dünyada hamımızın səhvi var. Ancaq elə səhvlər var ki, bağışlanır, elə səhvlərsə var ki, bağışlamaq mümkün olmur. Düzdür, bütün səhvlərimizin cavabını axirət dünyasında biz mütləq verəcəyik. Ancaq oğullara deyərdim ki, analarına, valideynlərinə qarşı bağışlanılması mümkün olmayan səhvlər etməsinlər, analardan halallıq alsınlar.

Rumiyyə MİRASLAN
Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO