İnkişaf etmiş ölkələrdə “Biz”x9d anlamı var. İnkişaf etməmiş ölkələrdə isə “Mən”x9d. Biz deyənlərdə cəmiyyətin mənafeyi ilk yerdədir. Mən deyənlərdə isə yalnız mənin şəxsi mənafeyi.
Cəmiyyətimizdə yalnız mən anlamı var. Hər kəs yalnız özünü düşünür. Özü üçün çalışır. Bunu görmək, duymaq, hiss etmək elə də çətin deyil.
Ölüm ayağında həkimə gedirsən ki, bir əlac tapasan. Həkim firma dərmanlarını sırımağa çalışır ki, ordan faiz alsın. Nəsə ayrı şey almaq lazımdırsa, məhz özü dediyi yerdə aldırır ki, ordan da faiz alsın. Hələ utanmaz-utanmaz orda kimin göndərdiyini deməyi, dəfələrlə tapşırmağı unutmur.
Vicdanını itirən dövlət xəstəxanasında çalışan həkimi başa düşməyə çalışırsan ki, maaşı azdır. Bəs özəl klinikada çalışan, yüksək gəlirli həkimi necə anlayasan ki...
Uşağı təhsil üçün göndərirsən. Müəllim onu pul, valideyni isə yağlı inək kimi görür.
Bina evində yaşayanlar çox rast gələr. İnsanlar yalnız öz qapısını yuyub təmizləyir. Bütün mərtəbəni silən çox az halda tapılar.
Qar yağanda binanın girişində günlərlə qalır. Üstündən sürüşərək hər kəs gedir. Təmizlik kiminsə ağlına gəlmir. Ya yığışdıranı tapılmır, ya da daima eyni adam yığışdırır.
Binanın girişi və pilləkanları kirlidirsə, həmin kiri tapdalayan ayaqqabılar onsuz da yuyulmuş qapının ağzını kirli edəcək. Bunu düşünmək üçün alim olmağa ehtiyac yoxdur.
Binada isə iməclik ayda-ildə bir dəfə olur. O da binadan kiminsə qızının toyunda. Özü də təmizlik yalnız qızı ərə gedənin mərtəbəsinə qədər edilir.
Küçədə kişi qadını döysə, biri gedib ayırmaz. Yığılıb sadəcə baxarlar. Binanın girişində nişanlını öpmək istəsən qonşular qışqırıb ağzından çıxanı deyər.
Parkda onsuz da kirlənmiş havanı udmaq, kitab oxumaq üçün skamyada oturursan. Həmin an biriləri peyda olur. Oturur yanında. Fikrini almadan siqareti yandırıb çəkir. Və yaxud da yüksək səslə söhbət edir.
Metroya minirsən. Adamın çox, basabas vaxtıdır. İynə atsan yerə düşməz.
Və biri başlayır arxada tərpənməyə. Yanındakı ilə əl-qolla zarafat edir. Ətrafdakı insanlara dəyir, toxunur.
Eyni vaxtda qarşında dayanan gənc qadın saçını düzəltməyə başlayır. Görəsən həmin qadın heç bilirmi, təzə qırxılmış üzə toxunan saç insanda necə iyrənc hiss yaratdığını.
İndi nə edəsən. Kimə deyəsən dərdini. İctimai yerlərdə 5 dəqiqə özünü idarə etməyi bacarmayanlardan necə xilas olasan.
Qərb ölkələrində iş saatını daha da azaltmağı, insanların gəlirlərini artırmaq üstündə daima müzakirələr aparırlar. Referendum keçirirlər, sorğu aparırlar.
Bizim cəmiyyətdə sahibkar, rəhbərlik işçini daha artıq istismar etmək haqqında baş sındırır. Satıcını, kassiri 200-300 manata hər gün 12-13 saat işlətmək istismar deyil bəs nədir?
Bizdə cəmiyyəti, insanları düşünmək dəb deyil. Bizdə dəb olan hər kəsin öz mənafeyini, cibini düşünməsi, qapısının təmizliyidir. Ayrı heç nə.
Yusif Hansen



























































































