Az öncə Moderator.az -ın əməkdaşının əldə etdiyi informasiyaya görə, bu gün Sumqayıt şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev vəzifəsindən uzaqlaşdırılıb.
Bələdiyyə üzvlərinin Əbülfəz Babayevə etimatsızlıq göstərməsinə baxmayaraq, o, əvvəlcə işdən getməsi ilə bağlı ərizə yazmaqdan imtina edib. Sonradan işin qəlizləşməsini və ciddiləşməsini nəzərə alaraq ərizə yazmaq məcburiyyətində qalıb. 10 ildən artıqdır ki, Sumqayıt Bələdiyyəsinə başçılıq edən Əbülfəz Babayev ötən illər ərzində şəhər üçün heç bir gözəçarpan və yadda qalan iş görməmiş, əksinə, onun zəif təşkilatçılığı bələdiyyənin demək olar ki, xeyli geriləməsinə səbəb olub. Bir müddət öncə Sumqayıta yenicə İcra başçısı təyin olunan Zakir Fərəcov şəhər aktivləri ilə ilk görüşündəcə bələdiyyə sədrinə bələdiyyənin yarıtmaz fəaliyyəti barədə öz iradını bildirib.
Xatırladaq ki, büdcədə kifayət qədər vəsait olmasına baxmayaraq, Sumqayıt bələdiyyəsinin üzvləri 5 aydan artıqdır ki, aylıq məvaciblərini ala bilmirlər. Bu da haqlı olaraq narazılıqlar yaradıb.




































































































