İstefaya gedən YOL – 27 gündə bitən 27 illik Vasif Talıbov DÖNƏMİ

İstefaya gedən YOL – 27 gündə bitən 27 illik Vasif Talıbov DÖNƏMİ

Hazırda oxunan: İstefaya gedən YOL – 27 gündə bitən 27 illik Vasif Talıbov DÖNƏMİ

111046

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 21-də istefa verdiyini açıqlayıb. Bununla da, Muxtar Respublikada 27 illik Vasif Talıbov erası başa çatıb.

Belə ki, Vasif Talıbov 1995-ci ilin 16 dekabrından etibarən bu vəzifəni icra edirdi. Və sözügedən kresloda 27-ci ilini tamamladıqdan cəmi 5 gün sonra V. Talıbov istefasını elan etdi.

İstefaya aparan yol

Digər diqqət çəkən məqam isə Vasif Talıbovun istefaya gedən yolunun da 27 gün çəkməsi oldu.

Doğrudur, əksəriyyətin qənaəti bu yöndədir ki, Naxçıvanda dəyişikliklərin ilk dalğası Muxtar Respublikanın Təhlükəsizlik Xidmətinin ləğvi ilə başlayıb. Lakin proseslər aktiv mərhələyə noyabrın 25-də qədəm qoydu.
 

MÖVZU İLƏ BAĞLI:

Vasif Talıbovla bağlı QƏRAR VERİLDİ


Bundan əvvəlki dövrdə isə Naxçıvanla bağlı xəbərlərə mətbuatda nadir hallarda rast gəlinirdi. Yalnız 2021-ci ildə Muxtar Respublikanın iki naziri, Məmməd Qəribov və Əhməd Əhmədovun həbs olunması ilə Naxçıvan mövzusu gündəmə gəldi. Lakin sonrakı 1 ildən çox müddət ərzində yenidən Muxtar Respublika ilə bağlı səssizlik dönəmi başladı.

Noyabrdan etibarən isə bu sükut əvvəllər olmadığı qədər böyük səs-küylə pozuldu. Xüsusi xidmət orqanlarının apardığı ardıcıl əməliyyatlar, üzə çıxarılan korrupsiya faktları 1 aydan çox müddətdə Naxçıvanı və Vasif Talıbovu əsas gündəm mövzusuna çevirməyi bacardı.

500 milyon manatlıq mənimsəmə

Xüsusi xidmət orqanlarının ilk hədəfi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov oldu. Belə ki, noyabrın 25-də M. Əsgərov “xüsusilə külli miqdarda” mənimsəmə ittihamı ilə saxlanıldı.

Gömrük rəsmisinin mənimsədiyi vəsaitin həcminin isə 132 milyon manat olduğu bildirilir. Bu rəqəm, mənimsənilən vəsaitin miqdarına görə, həmin vaxta qədər olan ən yüksək göstərici idi.

Lakin əməliyyat dalğası bununla yekunlaşmadı. Cəmi 3 gün sonra, noyabrın 28-də növbəti saxlanılan məmur Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev oldu. Nazir mənimədiyi vəsaitin miqdarına görə, Mənsur Əsgərovu da geridə qoydu. Xüsusi xidmət orqanları tərəfindən saxlanılan məmur 144 milyon manatlıq mənimsəmədə ittiham olundu. 

Dekabrın 13-də isə saxlanılma növbəsi Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmova çatdı. “Xüsusilə külli miqdarda” mənimsəmədə ittiham olunan H. Rüstəmovun mənimsədiyi məbləğ isə əvvəlkilərdən daha çox idi: nə az, nə çox, 212 milyon manat.
Talıbov erasını sonu...

Və dekabrın 21-də əvvəlcə Naxçıvan Ali Məclisinin qapalı iclasının keçirildiyi, bir neçə saat sonra isə Vasif Talıbovun istefa verdiyi açıqlandı. Hətta iclasda Ali Məclis sədrinin özü belə iştirak etmirdi. Sonda isə Talıbovun səhhətində yaranan problemləri əsas gətirərək, istefa verdiyi bildirildi.

Bununla da 27 illik era, 27 gündə başa çatdı...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO