Bakının Nəsimi rayonunda 1977-ci il təvəllüdlü Natiq Həsənov şəxsi münasibətlər zəminində Sevincə (adlar şərtidir – red.) xəsarət yetirib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il martın 8-də, rayonun 20 Yanvar küçəsi, 6 saylı binanın blokunun girişində baş verib.
Natiq həmin gün saat 20 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu və 2018-ci ildən ayrıldığı Sevincə barışmağı təklif edib. Rədd cavabı alan Natiq onu döyərək, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Cinayət işi üzrə ifadə verən Natiq ona elan olunmuş ititham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, 2008-ci ildə Sevinc ilə qeyri-rəsmi formada ailə həyatı qurub və həmin evlilikdən Valeh adlı övladları dünyaya gəlib:
“Ailədə olan münaqişələr səbəbindən 2018-ci ildə Sevincin istəyi ilə ayrıldıq. Həmin vaxtdan Sevinc ilə barışmaq və yenidən birlikdə yaşamaq istəyim ilə barışıq üçün cəhdlər etmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu il martın 8-də, saat 16 radələrində “8 Mart Qadınlar günü” münasibətilə Sevincin yaşadığı ünvana gəlib:“Həmin vaxt Sevincə zəng etsəm də, onunla danışa bilmədim. Bir müddət sonra oğlum ilə telefon vasitəsilə əlaqə saxladım və onunla görüşdüm. Sonra həmin ünvanı tərk etdim”.
Natiq qeyd edib ki, Sevincin rəfiqəsi Südabə adlı şəxs həmin yerə yaxın ünvanda yaşadığı üçün ona da gül alaraq bayramını təbrik etmək istəyib:
“Həmin gün saat 19.45-də Südabə adlı şəxsin yaşadığı ünvanına getdim. Həmin vaxt Südabə evdə olmadığı üçün onun yaşadığı küçəyə düşdüm. Orada onu gözlədim. Təxminən 30 dəqiqə gözlədikdən sonra Südabənin yaşadığı binadan Sevinc ilə oğlumun düşdüyünü gördüm. Sevincə yaxınlaşaraq burada nə etdiyini soruşdum.
Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə böyüdükdən bir müddət sonra Südabə gəldi. Həmin vaxt mübahisə zamanı Sevincə heç bir fiziki təsir göstərmədim. Bundan sonra Sevinc oğlum ilə birlikdə öz yaşadığı ünvana getdi. Onların ardınca gedərkən yol boyu aramızda olan mübahisə davam etdi.
Sevincin yaşadığı binanın arxasında olarkən onun qolundan tutdum və ona tez-tez gəlməsini bildirdim. Həmin vaxt Sevinc qışqırdı. Mən də onun qolunu buraxdım. Sonra Sevinc yaşadığı binaya daxil oldu. Blokun girişində olarkən Sevincin sol qolundan tutaraq öz iradlarımı bildirdim. Sonra barışmaq təkliflərimi söylədim.
Həmin vaxt oğlum aramıza girdi və ağlamağa başladı. Buna görə də həmin yeri tərk etdim. Sevincin qolundan tutsam da, burmamışam və ya hər hansı digər fiziki təsir etməmişəm. Sevincin bədənində olan xəsarətlər onun qolunu tutarkən hər hansı yerə dəyməsi nəticəsində ola bilər”.
Cinayət işi üzrə zərərçəkmiş Sevinc bildirib ki, hadisə günü sərxoş vəziyyətdə olan Natiq onu döyüb, müxtəlif dərəcəli xəsarətlər yetirib.
Sevinc deyib ki, Natiq tərəfindən döyülməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət edib. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə Natiq 1000 manat cərimə cəzasına məhkum edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:26 / 29.11.2022
Arvadı ilə barışmağa getdi – ONU DÖYDÜ – TƏFƏRRÜAT
Hazırda oxunan: Arvadı ilə barışmağa getdi – ONU DÖYDÜ – TƏFƏRRÜAT
Hazırda oxunan: Arvadı ilə barışmağa getdi – ONU DÖYDÜ – TƏFƏRRÜAT
106871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.