Azərbaycanın dərman bazarında niyə qıtlıq yaşanır? – “Tarif Şurasının qərarı yanlış idi” 

Azərbaycanın dərman bazarında niyə qıtlıq yaşanır? – “Tarif Şurasının qərarı yanlış idi” 

Hazırda oxunan: Azərbaycanın dərman bazarında niyə qıtlıq yaşanır? – “Tarif Şurasının qərarı yanlış idi” 

105231

Uzun müddətdir ki, ölkəmizin dərman bazarında ciddi qıtlıq yaşanır. Belə desək, həyati əhəmiyyət kəsb edən bir çox dərman tapılmır. Xəstələr bir çox hallarda axtardıqları dərmanın əvəzedicisini almağa ehtiyat edirlər. Səhiyyə Nazirliyi bildirir ki, bu məsələdə dərman gətirən şirkətlər sərbəstdirlər, onlara hansısa formada təzyiq göstərə bilmirlər. Mövcud vəziyyətdən isə ən çox əziyyət çəkən xəstələrdir. Bütün bunların fonunda mövcud qıtlığın süni şəkildə yaradıldığını, dərman bazarında oyunçuların əl dəyişdiyini düşünənlər də az deyil. 

Mövcud problemin səbəbləri və çıxış yolları barədə Bizim.Media-nın suallarını həkim-farmakoloq Müşfiq Hüseynov cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dərman idxalında ƏL DƏYİŞDİ, bu dərmanlar yoxa çıxdı - ARAŞDIRMA 


Həmsöhbətimiz söyləyib ki, bu qıtlığın kompleks səbəbləri var:  

“Son 3 ildir ki, Azərbaycanın dərman bazarında xüsusilə ciddi ehtiyac olan spesifik dərmanların qıtlığı yaranıb. Bunun səbəblərindən biri Tarif Şurasının dərmanlara tətbiq etdiyi qiymət siyasətinin yanlış olması idi, çünki bu qərardan sonra bir çox qlobal əczaçılıq şirkətləri Azərbaycandakı ofislərini bağladılar.

Ona görə ki, Avropa, Amerikada istehsal olunan dərmanlar həmin qiymət diapazonuna daxil ola bilmədilər. Bazarda Rusiya, Türkiyə, Çin qaldı. Açığı, Azərbaycanın dərman bazarı başqa qlobal əczaçılıq nümayəndələri üçün kiçik kifayət qədər kiçik sayılır. Son aylarda Tarif Şurası bu səhfini düzəltməyə çalışır və bəzi dərmanların qiymətlərini qaldırmağa başlayıblar. Bu da bir müddət sonra bazarda öz təsirini göstərəcək”. 

Həkim-farmakoloqun fikrincə, ikinci səbəb dünyada gedən proseslərdir:

“Pandemiya və postpandemiya dövründə istehsalçılar kifayət qədər zərər gördülər. Hazırda bütün dünyada xammal qıtlığı yaşanır. Xüsusilə, son dövrlərdə Rusiya-Ukrayna müharibəsi dərman bazarına çox ciddi, ağır zərbə vurdu. Qiymətlərin artma səbəblərindən biri pandemiya idi isə, ikincisi Rusiya-Ukrayna müharibəsidir. Həmin ölkələr dünyada xammal istehsalına görə, liderlərdəndir. Müharibə eyni zamanda transfer, malların çatdırılmasında da problem yaradıb. Kifayət qədər ciddi gecikmələr var”. 

Bazarda hansısa oyunçunun qəsdən problem yaratması və ya əl dəyişməsi məsələsinə qaldıqda isə Müşfiq Hüseynovun fikrincə, bu, Azərbaycan bazarı üçün real deyil: 

“Azərbaycan bazarı kifayət qədər kiçik olduğundan bizdə belə bir şey yaşanacağını düşünmürəm. Burada stabil, oturuşmuş oyunçular var, onlar öz bizneslərini işlədirlər və adətən bu biznes digər maraqlarla toqquşmur. Ona görə də əl dəyişmə məsələsi ilə bağlı fikirlərlə razı deyiləm. Ümumilikdə isə, dünya praktikasını nəzərə alsaq, bu, normal prosesdir. Əgər əczaçı şirkət Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçdiyi halda dərmanı gətirib-gətirməməsi onun biznes marağıdır. İstənilən şirkət istədiyi dərmanı bazara uyğundursa, sənədlər toplusu qaydasındadırsa, qeydiyyatdan keçirə bilər və gətirməkdə tamamilə azaddır”. 

Çıxış yoluna qaldıqda isə Müşfiq Hüseynov söyləyib ki, hökumət istehsal prosesinin təkmilləşməsi, Azərbaycanda  istehsalla bağlı addımlar atmaqdadır: 

“Məndə olan məlumatlara görə, bu istiqamətdə ciddi işlər görülür. Xüsusilə son dövrlərdə TƏBİB-in iştirakçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu istiqamətdə fəaliyyət göstərmək istəyənlərə dəstək verilir.
Yəqin ki, hazırda başlamış bu proses davam edərsə, yaxın 3-4 il ərzində xaricdən gələn dərmanlardan asılılığımız ən azından 20-30% azalacaq. Hazırkı asılılıq faizimiz çox yüksək səviyyədədir və bu, Azərbaycan kimi iqtisadi gücü olan ölkə üçün yarıtmaz haldır”. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO