Ədliyyə Nazirliyi yanında Vətəndaşlıq Vəziyyəti Aktlarınının reyestri xidmətinin məlumatına görə Azərbaycanda uşaqlara ən çox dini adlar verilir. Siyahıya görə, oğlan uşaqlarına daha çox Əli, Hüseyn, Yusif, Məhəmməd, Ömər, Adəm adları verilib. Qızlara isə ən çox Zəhra, Məryəm, Zeynəb, Mələk adları qoyulub.
Siyahıdan da göründüyü kimi son illərdə ölkəmizdə uşaqlara qoyulan adların əksəriyyətini dini adlar təşkil edir.
Bu günlərdə Azərbaycanda üçəm doğuldu və onlara da dini ad verildi.
Dini ad qoymamaq günah hesab edilirmi?
İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, İslamda dini adların qoyulması deyə bir əmr yoxdur:
“Sadəcə olaraq peyğəmbərlərin, müqəddəs adamların, imamların, övliyaların adları uşaqlara verilir. İslam dinində o da tövsiyə olunmayıb. Peyğəmbər öz nəvələrinin adına nə dini, nə də müqəddəs ad qoyub. Həsən və Hüseyn... Biri yaxşı, digəri gözəl deməkdir. Əvvəl onların atası uşaqların adını Hərb qoymuşdu. Bu isə müharibə deməkdir.
Peyğəmbər onu dəyişdirib ki, uşaqlarınıza xoş təssürat yaradan adlar qoyun. Belə bir hədisi də var ki, övladlarınıza yaxşı adamların adlarını qoyun.
O uşaqları çağıranda yaxşı adamlar xatırlansın. Sadəcə olaraq Peyğəmbərdən sonra ölkədə bir ənənə olaraq formalaşıb və bu adların çoxalması bir neçə səbəbdəndir. Birincisi, Sovet hakimiyyətindən əvvəl din məsələsi Azərbaycanda güclü olub. Ona görə də soyadlarımızın çoxu da Əhmədov, Əliyev, Hüseynov, Həsənov və s...kimi dini adlardan ibarət olub. Dini ad qoyanların 30-40 faizi təkrar olaraq nənə-babalarının adlarını uşaqlarına qoyurlar.
Bundan əlavə dinə azadlıq verildiyi üçün inanclı insanlar belə adlara üstünlük verməyə başladılar. Ələlxüsus da, həmin adlar artıq bizdə milliləşmiş adlardır. Məsələn, Məhəmməd, Hüseyn, Əli, Məhəmmədəli... Cüzi qism isə dinə fanatik yanaşanlardır. Hətta adam tanıyıram ki, övladının Ramil adını dəyişib, Abdullah qoyub. Bu, artıq fanatizmdir və dinimiz də buyurmur”.
İlahiyyatçının sözlərinə görə qanunvericiliyimizdə qondarma adları dəyişdirənlər də var:
“Adam var ki, adı Kombayn və ya Fevraldır. Ona görə də İslam dini buyurur ki, övladlarınıza yaxşı adamların adını verin. Həm də mənalı ad olmalıdır ki, çağıranda onlar utanmasınlar və yaxşı adamlar da yada düşsün. Son vaxtlar artan dini adların digər səbəbi də teleseriallardan və filmlərdən götürülür. Məsələn, Yusif Peyğəmbərin filmi nümayiş olunan il oğlanlara ən çox verilən bu ad idi. Ondan əvvəl isə “Kloun” filmi verilirdi, oradakı “Səid” obrazının adı dəbə düşmüşdü. Xristian aləmində İsa adını qoyan varmı? Amma dini adları qoyanda bir qədər də ehtiyatlı olmaq lazımdır. Adları çox ucuzlaşdırmaq olmaz və milli adlara üstünlük verilməlidir”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 18.11.2022
“Dini adları qoyanda ehtiyatlı olun, tövsiyə olunmur” – İlahiyyatçıdan XƏBƏRDARLIQ
Hazırda oxunan: “Dini adları qoyanda ehtiyatlı olun, tövsiyə olunmur” – İlahiyyatçıdan XƏBƏRDARLIQ
Hazırda oxunan: “Dini adları qoyanda ehtiyatlı olun, tövsiyə olunmur” – İlahiyyatçıdan XƏBƏRDARLIQ
104952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.