Cəfər Cabbarlının Xızıdakı ev muzeyinin qəsdinə kim durub? – RƏSMİ CAVAB - VİDEO

Cəfər Cabbarlının Xızıdakı ev muzeyinin qəsdinə kim durub? – RƏSMİ CAVAB - VİDEO

Hazırda oxunan: Cəfər Cabbarlının Xızıdakı ev muzeyinin qəsdinə kim durub? – RƏSMİ CAVAB - VİDEO

101235

Ataların gözəl bir məsəli var."Dad yarımçıq əlindən". Bu kəlamı tərəddüd etmədən mübaliğəsiz olaraq C.Cabbarlının Xızıdakı ev muzeyinə aid etmək olar. Başıbəlalı ev muzeyin qapılarının bağlı olmasından bu il artıq 3-cü dəfədir ki, yazırıq.

Bizim.Media-nın 21 yanvar və 18 may 2022-ci il tarixli saylarında "C.Cabbarlının ev muzeyi niyə bağlı saxlanılır?", "C.Cabbarlının ev muzeyi kimin qəzəbinə tuş gəlib?" başlıqlı yazılarda  muzeyin qapılarının rəsmi olaraq  ziyarətçi üzünə bağlı olduğunu bildirmişdik. Artıq ilsonuna iki ay qalır.

Bu həftənin ilk günü ədibin evinə bir də baş çəkdik. Muzeyin direktoru Həcər Rəsulova bildirdi ki, C.Cabbarlının ev muzeyi rəsmi olaraq bağlıdır.

Bunu içəri girən kimi vurulan bildiriş də deyir:

"Təmirə bağlandığı üçün Cəfər Cabbarlının ev muzeyinin fəaliyyəti dayandırılmışdır".

3 ildir böyük Cəfərin ruhuna və bu evi ziyarət etmək istəyənlərə beləcə sayqısızlıq nümayiş etdirilir. Problem bilirsiniz nədir? 2019-cu ildə təmirə bağlanan Cabbarlı muzeyində bədii tərtibat işləri başa çatmayıb.Muzeyin eksponatlarına bədii tərtibat işləri görülməyib. 

C.Cabbarlı muzeyinin direktoru Həcər Rəsulovadan öyrəndik ki, ölməz dramaturqumuzun doğulduğu bu ev 1958-ci ildən muzey kimi fəaliyyət göstərir. Cabbarlıların evi 2 otaq və 1 dəhlizdən ibarət olub. 1977-ci ildə həmin otaqları qorumaq üçün evin qarşısı şüşəbənd edilib.

564 eksponatı olan C.Cabbarlı muzeyinin binası bərbad olduğu üçün 2019-cu ildən təmirə dayanıb. Təmir işləri 2020-ci ildə başa çatsa da eksponatlara bədii tərtibat-dizayn işləri indiyəcən başa çatmayıb. Niyə? Səbəbini bilən yoxdur. 

Amma muzeyin işçiləri eksponatlar bərbad olmasın deyə öz təşəbbüsləri ilə burada fəaliyyətlərini davam etdirirlər. Fədakarlıq göstərərək buradakı hər əşyanı gözbəbəyi kimi qoruyurlar. Gələni-gedəni naümid buraxmırlar, muzeydə Cəfərin bəzi əşyalarını az da olsa seyr etmək mümkün olur. 

Amma muzeyin rəsmi açıq olmaması işçilərə əlavə çətinlik yaradır. Təmir işləri görülərkən istilik sistemi qoyulub. Amma təmir başa çatmadığından muzeyə qaz verilməsi üçün “Azəriqaz” texniki şərt verməyib. Xızının ən hündür yerində yerləşən muzeydə qışda işləmək  işçilərə səhhətlərinə görə çox baha gəlir. Elektrik enerjisi ilə otaqları qızdırmaq mümkün olmur. 

Məsələni daha səlahiyyətli şəxslərlə aydınlaşdırmaq üçün Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq.

C.Cabbarlı muzeyinin bədii tərtibat işləri nə vaxt başa çatacağı və muzeyin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı sorğu ünvanladıq. Nazirliyin cavabı özünü çox gözlətmədi:

"Mədəniyyət nazirliyinin tabeliyində olan müəssisələrin yerləşdiyi inzibati binaların cari və əsaslı təmiri, həyətyanı sahələrinin abadlaşdırılması, o cümlədən muzey ekspozisiyalarının yenilənməsi, maddi-texniki bazalarının yaxşılaşdırılması və müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər aparılır. Bu çərçivədə Xızıdakı C.Cabbarlının ev muzeyi üçün də müvafiq işlərin görülməsi növbəti illərdə təmin olunacaq".
 

Bu cavabı oxuyan oxucu sizcə nə fikriləşər? Əbülfəz Qarayevi anladıq, 2 ildir Mədəniyyət naziri təyin olunan Anar Kərimov bu məsələyə niyə biganəlik nümayiş etdirir? Muzeyin bədii tərtibatı üçün nə qədər vəsait lazımdır ki, ona büdcəmizin gücü çatmır? 


Sual açıq qalır və cavabını almağa çalışacağıq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO