"Nazirlikdə 13 min manat rüşvət verdim" - Səlim Müslümovun işində şahid

Hazırda oxunan: "Nazirlikdə 13 min manat rüşvət verdim" - Səlim Müslümovun işində şahid

99769

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu gün məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə bəzi şahidlərin gəlmədiyi məlum olub. 

Hakim deyib ki, bugünki prosesə dəvət olunan şahidlərin əksəriyyəti Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbərləri olub. Hakim deyib ki, Fondun Ağdam, Sumqayıt, Xızı, Astara, Şirvan, Ağcabədi, Xocavənd, Yevlax və Göygöl rayon şöbələrinin müdirləri işləmiş şəxslərə rəsmi qaydada məhkəməyə çağırılması barədə çağırış göndərilib.

Hakimin sözlərinə görə, həmin şəxslər məhkəməyə gəlməmələri ilə bağlı cavab verilməyib.

Hakim həmin şəxslərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib. 

Sonra hakim qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidovun məhkəməyə gəlməsi üçün 4 dəfə çağırış göndərilib. Hakim deyib ki, Asif Məcidov məhkəməyə sentyabrın 19-da və 26-da teleqram göndərib:

"Sentyabrın 19-da göndərdiyi məktubda ezamiyyətdə olduğu üçün məhkəməyə gələ bilməyəcəyini deyib. Bundan başqa, o, sentyabrın 26-da isə göndərdiyi məktubda səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini deyib. O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Məhkəmə Asif Məcidovun barəsində məcburi gətirilmə barədə qərar verir". 

Bundan başqa, hakim Protez-Ortopedik Bərpa Mərkəzinin təchizat şöbəsinin müdiri Səadət Baxşəliyevanın şahid qismində məhkəməyə çağırılması üçün göndərilsə də, prosesə gəlmədiyini deyib. Məhkəmə Səadət Baxışəliyevanln da barəsində məcburi gətirilmə barədə qərar çıxarılıb".

Daha sonra şahid qismində Həbib Məmmədov ifadə verib. Onun sözlərinə görə, nazirliyin elan etdiyi tenderlərdə iştirak edib və qalib olub. O bildirib ki, tenderdə qalib olduqdan sonra şəhid ailələri üçün 13 ev tikib. 

Həbib Məmmədovun sözlərinə gör, Tərtərdə 5, Zərdabda 5, Naftalanda 1, Qaxda 1, Şamaxıda isə 1 ev tikib. O bildirib ki, tenderdə iştirak etməmişdən əvvəl nazirliyin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizovun qəbulunda olub:

"Natiq Əzizov tikilməkdə olan hər ev üçün məndən 3 min manat istədi. Mən də onunla razılaşdım. Ümumilikdə Natiq Əzizova nazirlikdə onun xidməti otağında 39 min manat verdim. Bu zaman otaqda ikimiz olmuşuq, yanımızda heç kim olmayıb. Tenderdə qalib olandan sonra 4 il ərzində evləri tikərək təhvil vermişəm".

Məhkəmədə məlum olub ki, 22 min 42 manat evlərin tikintisində çatışmazlıq aşkar olunub. Təqsirləndirilən şəxsə bu çatışmamazlıqlar bağlı sualları ünvanlanıb. O deyib ki, bu çatışmazlıqların aradan qaldırılması üçün heç bir tədbir görməyib. Səlim Müslümovun vəkilləri deyib ki, bu şahidin əməllərinı barədə vəsatətləri olacaq. 

Daha sonra şahid qismində ifadə verən Akif Məmişov deyib ki, 1994-cü ildən Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyib, 2014-cü ildən 2020-ci ilə kimi fondun Cəbrayıl rayon şöbəsinin müdiri işləyib:

"Nazirliyin daxili nəzarət şöbəsinin işçiləri - Vüqar Əhmədov, Rüfət Qəmbərov və Zaur İsgəndərov tərəfindən rəhbər olduğum şöbədə yoxlama aparıldı. Şöbədə bir sıra çatışmazlıqlar aşkar olundu. Bundan sonra nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini Nizami Zeynalov məni nazirliyə çağırdı. Onunla xidməti otağında görüşdüm. Məndən bu işi bağlamaq üçün 15 min manat istədi. Mən isə 10 min manat verməyə gücüm çatdığını bildirdim. Amma Nizami Zeynalov 13 min manatdan dayandı. Mən də sonradan 13 min manat düzəldərək nazirliyə gəldim. Nazirlikdə Nizami Zeynalova xidməti otağında 13 min manat rüşvət verdim.

Bundan sonra mənə formal olaraq töhmət verildi və işimə davam etdim. Rüşvət verməsəydi, mənə ağır cəza verəcəkdilər. Bu da işimi itirməklə nəticələnəcəkdi".

Növbəti proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO