BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, son 30 il ərzində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) Asiya ölkələri arasında mühüm dialoq platformasına çevrilib.
Bizim.Media xəbər verir ki, baş katib bu barədə Astanada CICA-nın VI sammitinin iştirakçılarına videomüraciətində bildirib.
Quterreş qeyd edib ki, bu gün etimad və həmrəylik zəifləyir, eyni zamanda münaqişələrin geosiyasi gərginliyi artır.
MÖVZU İLƏ BAĞLI:
Astanada Zirvə Toplantısı keçirilir - İlham Əliyev iclasda iştirak edir - VİDEO
O, həmçinin bəyan edib ki, bu günə kimi böhranlı vəziyyətlər əhalinin ən həssas təbəqələrini vurub, yoxsulluğu, aclığı dərinləşdirib, ictimai-siyasi iğtişaşlara səbəb olub. BMT-nin baş katibi vurğulayıb ki, bu son dərəcə çətin kontekstdə regional əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir.
“Biz hamımız sülhsevər və firavan Asiyadan bəhrələnirik, mən tərəfdaşlığımıza, ümumi məqsədlərimizə - insan hüquqlarının, sülhün və sabitliyin təşviqinə, çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə nail olunmasına görə minnətdaram. Gəlin, zəmanəmizin sınaqlarını birlikdə dəf edək, Asiya və dünya üçün daha yaxşı gələcəyi təmin edək. Sizə uğurlar arzulayıram”, - deyə BMT-nin baş katibi bildirib.
Bizim.Media