İran PUA-ları Ukraynada – “Tehranın addımları cəzasız qalmayacaq”

İran PUA-ları Ukraynada – “Tehranın addımları cəzasız qalmayacaq”

Hazırda oxunan: İran PUA-ları Ukraynada – “Tehranın addımları cəzasız qalmayacaq”

98924

Xəbər verdiyimiz kimi, Ukraynada müharibəni davam etdirən Rusiya İrandan silah idxal edir. Xüsusilə də, cənub qonşumuzun istehsalı olan PUA-lardan şimal qonşumuzun ordusu geniş istifadə edir. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski də son açıqlamalarında ölkəsindəki hədəflərə İran dronları vasitəsilə hücumların edildiyini açıqladı.

Qərbin Rusiyaya qarşı radikal mövqe tutduğu bir vaxtda, İranın bu ölkəyə silah satmasının cəzasız qalacağı heç də real görünmür. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Tural İsmayılovun sözlərinə görə, İranın Rusiyaya silah-sursat satması artıq beynəlxalq miqyasda əsas gündəm mövzularından birinə çevrilib:

“İlk başlarda İran və Rusiya sövdələşmələri gizli aparmağa çalışırdı və dünya ictimaiyyətindən gələcək reaksiyaları nəzərə alıb müzakirələrin detalları ilə bağlı məlumat vermirdilər. Amma son günlər Rusiyanın Ukraynada İran dronlarından istifadə etməsi faktı ortaya çıxıb. Bütövlükdə, nəzərə almaq lazımdır ki, İran silah sənayesində müasir yeniliklərdən kənar qalıb. Bu ölkənin istehsalı olan “Şahed” PUA-ları, Rusiyanın əvvələr istehsal etməyə çalışdığı keçmiş dronların ucuz və lazımsız kopyasıdır. Və hazırda Rusiya öz silah sənayesini inkişaf etdirmək yerin, İranın yararsız dronlarından istifadə edir”.

Politoloq qeyd edib ki, İran PUA-ları hər nə qədər dövrün tələblərinə cavab verməsə də, Ukraynada dinc sakinlərin onlar vasitəsilə öldürülməsi faktı ortadadır:

“Qərb dövlətlərininsə Rusiyaya ciddi koordinasiya edilmiş sanksiyalar paketi var. Düşünürəm ki, son hadisələrdən sonra İrana qarşı sanksiyalar daha da sərtləşdiriləcək. Tehranın Rusiyaya silah satması məsələsinə dünya dövlətləri səssiz qalmayacaq. 
 

Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsindən asılı olmayaraq İran şimal qonşumuzla PUA-ların istehsalı və inkişafı istiqamətində müqavilələrə imza atıla bilər.


Amma istənilən halda Ukraynada İran PUA-larının ortaya çıxması Tehrana qarşı ciddi addımların atılması ilə nəticələnəcək. Müharibə cinayətlərində İranın da vasitəçi kimi çıxış etməsi cavabsız qalmayacaq və embarqo siyasəti daha kəskin forma alacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO