“Təfəkkürünə və digər göstəricilərinə görə ancaq əyalətdə, özü də müvəqqəti istifadəyə yarayan Araik Arutyunyanın beynəlxalq dərəcəli fırıldaqçı Ruben Vardanyana məhz Praqa görüşləri öncəsi “dövlət naziri” postu təklif etməsi elə-belə deyildi. Həmən gün Rusiyanın səfiri Sergey Kopırkin İrəvanda media qarşısına çıxaraq ölkəsinin Ermənistandan üz döndərmədiyini, regionu da tərk etmək niyyətində olmadığını açıqladı ki, hər kəs bu təklifin arxasında kimin durduğunu, nə üçün verildiyini bilsin”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Millət vəkili Sahib Alıyev səsləndirib.
Deputat qeyd edib ki, Ruben Vardanyanın məhz Moskvanın razılığıyla Qarabağda peyda oduğu kimsəyə sirr deyil. Və əgər Arutyunyan ona de-fakto “baş nazir” vəzifəsi təklif edirsə, bu, həm də o deməkdir ki, Qarabağdakı separatçı rejim üzərində kontrol da artıq tam Moskvanın əlindədir.
Vardanyan nəyə görə beynəlxalq fırıldaqçı adlanır?
Fikirlərini inkişaf etdirən millət vəkili daha sonra bildirib ki, mən Vardanyanı boş yerə beynəlxalq dərəcli fırıldaqçı kimi təqdim etmədim, yəni bu adam o tiplərdəndir ki, hətta çox-çox yüksəkdəkilərin “incə” tapşırıqlarını yerinə yetirəndə belə həmişə öz oynunu da oynayıb.
Yoxsa kasıb bir hay dığasının Rusiyada çox da gəlir vəd etməyən işlə uğraşıb da qısa müddətdə milyarderə çevrilməsi mümkünsüzdü:
“İndi o, Qarabağda da tapşırıq yerinə yetirməklə yanaşı həm də öz oynunu oynayır. Nensi Pelosi, ondan yuxarıda və aşağıda duran demokratların haylara, o sıradan da Qarabağdakılara yardım arzusuyla necə alışıb-yandıqlarını, amma ABŞ-ın dövlət ənənəsində bunu başqalarının əli ilə etməyə üstünlük verildiyini yaxşı bildiyindən bir az pul xərcləməklə milyardlarını qərbin sanksiyalarından qurtarmağa çalışır”.
Vardanyanı şərəfsiz bir yol gözləyir
Sahib Alıyev onu deyib ki, baxmayaraq ona “dövlət naziri” postu təklifinin arxasında Rusiya durur, ən azından bu, ABŞ-dakılara da əl verir. Və təkcə bayaq dediyim səbəbə görə yox, həm də digər amillərə görə Paşinyan və onun komandası da səslərini çıxartmırlar.
Halbuki Vardanyanın gələcəkdə Ermənistanın başına gətirilməsi üçün Qarabağa atıldığını onlar hər kəsdən daha yaxşı anlayırlar:
“Anlayır amma, susurlar. Yəqin Rusiyanın onu qərbin adamlarından ibarət komanda yaratmağa qoymayacağına əmindirlər. Belədə isə ABŞ-ın Ermənistanda get-gedə artan təsirini də nəzərə alaraq demək olar ki, hərbi çevrilişsiz beynəlxalq dərəcəli fırıldaqçının baş nazir olması çox çətindir”.
Vardanyanın təyinatına Paşinyan niyə reaksiya vermədi?
“Vardanyanın Xankəndində eşələnməsi Paşinyan üçün elə də böyük təhlükə vəd etmir, əksinə onu bir az rahtaladır. Axı o, çoxdandır ölkəsinin deyil, məhz Rusiyanın Qarabağda Azərbaycanla üz-üzə gəlməsinə çalışırdı. Vardanyanın “dövlət naziri” qoyulmasını isə yəqin buna yol açacaq addımlardan biri kimi qiymətləndirir. Zənnimcə, Vaşinqtondakılar da oxşar düşüncədədirlər və onlar da çox istərdilər ki, Azərbaycanla Türkiyəni Rusiya ilə toqquşdursunlar”.
Millət vəkili xatırladıb ki, Vardanyan özü də haradasa bir ay bundan qabaq “Forbes”a verdiyi müsahibədə “Arsax”ın statusu tam dəqiqləşmədiyindən orada hər hansı post tutmaqla Rusiyanı pis vəziyyətdə qoymaq istəmədiyini demişdi:
“Əgər o, uydurma rejimin “dövlət naziri” vəzifəsinə razılaşacaqsa (cox güman ki, bu haqda açıqlama bəlli səbəbdən Praqa görüşündən sonraya saxlanıb), demək, Rusiya “pis vəziyyətdə qoyulmaq” qərarına gəlinib. Ona görə də Arutyunyana “təyin et”, Vardanyana isə “razı ol” əmri verilib.
Azərbaycan niyə susur?
Sahib Alıyev qeyd edir ki, Vardanyanın “dövlət naziri” qoyulmaqlığına Azərbaycanda hələlik ciddi reaksiya verilməməsinin isə iki izahı var:
“Birincisi, bizim üçün Arutyunyan, yaxud da Xankəndindəki uydurma rejimin hər hansı başqa bir üzvü ilə Vardanyan arasında heç bir fərq yoxdur. Heç kimdirlər, müvəqqətidirlər, digər haylar qalıb yaşasalar da, onlar oradan rədd olacaqlar. Bizim üçün önəmli olan beynəlxalq dərəcəli fırıldaqçının “dövlət naziri” təyinatının ardından Rusiyanın Qarabağda hansı addımları atacağıdır. Reaksiya məhz o zaman üzə çıxacaq.
İkincisi, Vardanyandan öncə bəzi hay kökənli varlılar Azərbaycanın işğal altındakı torpaqlarında nəsə tikib, yol salıblar. Bəs, həmən yol indi kimin xidmətindədir? O tikililərin çoxu hardadır? Qoy Vardanyan da Qarabağda nə tikir-tiksin. Hamısı Azərbaycana, etnik kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına qalacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:15 / 07.10.2022
Vardanyanın Azərbaycanda “dövlət naziri” təyin olunmasına Bakı niyə susur? – Deputatın ŞƏRHİ
Hazırda oxunan: Vardanyanın Azərbaycanda “dövlət naziri” təyin olunmasına Bakı niyə susur? – Deputatın ŞƏRHİ
Hazırda oxunan: Vardanyanın Azərbaycanda “dövlət naziri” təyin olunmasına Bakı niyə susur? – Deputatın ŞƏRHİ
97980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.