Niderlandda mühacirətdə olan hüquqşünas Ataxan Əbilov bu gün baş tutan AXCP qurultayı ilə bağlı müşahidələrini və təəssüratlarını yazaraq Moderator.az - a göndərib:
"AXCP-nin bu gün baş tutan qurultayından verilən xəbərləri internet üzərindən izlədim. Ümid edirəm ki, qurultayın video materialları da tezliklə ictimaiyyət üçün əlçatan olacaq. Azərbaycanın bü günki gündəmini zəbt edən bu qurultayla bağlı bir sıra fikirlərimi bölüşmək istərdim.
Əvvəla, AXCP bu qurultaya avtoritar rejimin onun üçün "yaratdığı" əlahiddə bir şəraitdə gəldi. Hansı oyunlardan çıxmadılar? Cəmiyyətin ləyaqət və şərəf dəyərlərinin istismarından tutmuş çox geniş maliyə resursları bu istiqamətə yönləndildi. Düzdür, bu işə nə qədər vəsait xərclədikləri barədə konkret bir şey deyə bilmərəm. Amma olaya Azərbaycan Respublikası cinayət qanunvericiliyinin kriteriyalarıla yanaşsaq, bunun xüsusilə küllü miqdarda olmasına qətiyyən şübhə etmirəm. Digər tərəfdən bunun bu günki ağır iqtisadi bir dönəmdə edilməsinə diqqət yönəldilsə, avtoritar rejim üçün AXCP-nin hansı "əhəmiyyət" kəsb etməsi göz önünə rahatlıqla gəlir.
İkincisi, qurultayda təşkilatçılıq: indiki ağır siyasi və iqtisadi durumda yerlərdə konfransların keçirilməsi, qurultaya nümayəndələrin seçilməsi və həbsdə olanlar istisna olmaqla bütün nümayəndələrin hamılıqla qurultayda iştirakı, qurultayın gündəliyinin realizə səmərəliliyi diqqət çəkici idi. Faktiki böyük bir repressiya maşınının hədəfində olan bir təşkilatın 800 nəfərlik nümayəndə heyətilə özünün ali toplantısına yığışması həsəd aparılası səviyyədə idi.
Üçüncüsü, tədbirin xüsusi çoşqu ilə keçirilməsi, nümayəndələrin nümayiş etdirdikləri əzmkarlıq, qurultayın enerji paylaşan atmosferası hər şeydən əvvəl 20 illik avtoritar basqıya əzmlə sinə gərmənin nümayişi idi.
Dördüncüsü, opponentlərin sosial şəbəkələrdə səsləndirdikləri bir sıra tənqidi nüanslar, xüsusən sədrin açıq səsvermə ilə seçilməsi məsələsi AXCP qurultayı, təşkilatın missiyası, onun keçirildiyi dövr və həmçinin qurultayın gəldiyi nəticələrə təsir etmə baxımından tərəzinin ağır tərfinə heç bir təsir gücünə malik ola bilməzdi.
Nəhayət, bu qurultayın AXCP-nin və bütövlükdə Azərbaycan demokratik hərəkatın perspektivdəki 5 ili üçün, məkrli, Azərbaycan xalqının sərvətlərilə silahlanmış, yalnız hakimiyyətdə qalmaq üçün bütün bəşəri dəyərlərin üzərində hər an adlamağa hazır olan anti-demokratik bir rejimlə üz-üzədə çətin, ağır və yeni, eyni zamanda uğurla başa çatacaq bir situasiya yaradacağına şübhə etmirəm.
Bir daha bu günki qurultay münasibətilə AXCP-dəki dostları və eyni zamanda Azərbaycanın demokratiya istəyində olan hər bir vətəndaşını təbrik edir, qurultayın qarşıya qoyduğu məqsədlərin realizə olunmasını arzu edirəm. Allah bu işdə xalqımıza yardımçı olsun!"



























































































