Hikmət Hacıyev: “İşğal bitib

Hikmət Hacıyev: “İşğal bitib" - VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev: “İşğal bitib" - VİDEO

9738

Bizim.Media məlumat verir ki, bazar ertəsi Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Atlantika Şurası”-nın təşkil etdiyi onlayn seminarda çıxış edib.

Öz çıxışında H. Hacıyev "İki il əvvəl Atlantika Şurasında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsindən, işğaldan, təmas xəttindən danışırdım.

Bu gün isə status-kvo tamamilə dəyişdiyindən tamamilə fərqli bir istiqamətdə danışa bilərəm. İşğal bitib. Müharibə yoxdur. Qarşıdurma öz yerini əməkdaşlıq perspektivinə verib”,- deyə qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: ''Bu şəxslər hərbi əsir deyillər''


Prezidentin köməkçisi gələcək inkişaf üçün hələ də aradan qaldırılması lazım olan çətinliklərin olduğunu qeyd edib və bölgədəki digər dövlətlərin də bu prosesdə yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Atlantika Şurasının rəhbəri və seminarın aparıcısı olan amerikalı diplomat John Herbst Hikmət Hacıyevə müharibə zamanı əhəmiyyətli ərazi qazancları əldə edilməsinə baxmayaraq, niyə Azərbaycanın üçtərəfli bəyanatı imzalamağa razı olduğu ilə bağlı sual ünvanlayıb.

H. Hacıyev isə cavabında Azərbaycanın öz strateji hədəfinə çatdığı zaman dayandığını qeyd edib. Bu strateji hədəf isə Ermənistanın işğal altındakı ərazilərdən çəkilməklə bağlı cədvəl təqdim etməsi idi.

Azərbaycanın hədəfinin sülhü qazanmaq olduğuna diqqət çəkən Prezident aparatının şöbə müdiri “müharibəni qazana bilərsiniz, ancaq sülhü qazanmaq daha çətindir”,- deyə əlavə edib.

Aparıcının Azərbaycanda ermənilərin etnik təmizləməsi ilə bağlı iddialara cavabında Hikmət Hacıyev, “əgər söhbət 1988-ci ildə Sumqayıt hadisələrindən gedirsə, Azərbaycan tərəfi bu faciəni artıq araşdırıb və günahkar olanların hamısı cəzalandırılıb” - deyə cavab verib və öz növbəsində "Bəs Ermənistanda Azərbaycan əhalisinə qarşı müharibə cinayətlərinin istintaqının aparıldığı və günahkarların cəzalandırıldığına dair bir nümunə varmı?" sualını verib.

Bundan əlavə, Azərbaycan prezidentinin köməkçisi Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı törədilən etnik təmizlənmələri xatırladaraq tarixə qayıtmağın davamlı sülhün əldə olunmasına mane olduğunu və gələcəyə baxmaq lazım olduğunu bildirib.

Aparıcının Azərbaycanın hələ də ABŞ-ı sülh prosesində vasitəçi hesab edib-etmədiyi və Bayden administrasiyasından nə gözlədiyini ilə bağlı sualına isə H. Hacıyev,yeni administrasiyada Azərbaycanı tanıyan bir çox insanın olduğunu qeyd edib.
 

Onun sözlərinə görə, ABŞ-dan bilavasitə sülh yolu ilə həll prosesi ilə əlaqədar olaraq gözləntilər böyükdü və ABŞ Azərbaycanla Ermənistan arasında etimadın möhkəmlənməsi prosesində və yenidənqurma prosesində mühüm rol oynaya bilər.


Hikmət Haciyev ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Morninqstarın Azərbaycanın işğal olunmuş bölgələri azad etdiyini və Rusiyanın Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verdiyini nəzərə alaraq Ermənistanın danışıqlara nəyin təşviq edəcəyi barədə sualını da cavablandırıb.

Hikmət Hacıyev Azərbaycanın Dağlıq Qarabağ ermənilərini öz vətəndaşları kimi qəbul etdiyini vurğulayaraq bildirib ki, ermənilər əvvəllər işğal olunmuş ərazilərdə yoxsulluq və səfalət içində yaşayırdılar:

“İndi isə vəziyyət dəyişib. Artıq ermənilər yeni vəziyyətin bütün bölgənin inkişafı üçün verdiyi imkanlarından istifadə edə biləcəklər. Azərbaycan bazarına giriş həm də erməni icmasının iqtisadi inkişafı üçün fürsət yaradacaq, çünki coğrafi və lojistik baxımından Azərbaycan Ermənistan ilə müqayisədə daha sərfəlidir”.

Seminar zamanı ATƏT-in Minsk Qrupunun gələcəyi məsələsi də müzakirə olunub. Məsələyə münasibət bildirən Prezidentin köməkçisi qeyd edib ki, Minsk Qrupunun Azərbaycandakı nüfuzu kifayət qədər aşağıdır, çünki bu 30 ildə münaqişənin nizamlanmasına nail olmaq və işğal olunmuş əraziləri azad etmək üçün onlara böyük ümidlər mövcud idi.

Ancaq onlar heç bir nəticə əldə etməyi bacarmadılar.

"Minks Qrupunun gələcəkdəki roluna gəlincə, o, yeni reallıqlara uyğunlaşmalıdır. Həmsədrlərin münaqişə tərəfləri arasında əlaqə yaratmaq təcrübəsi nəzərə alsaq, onlar Ermənistan və Azərbaycan arasında etimad tədbirlərinin inkişafına, habelə müxtəlif layihələrin təşkilinə töhfə verə bilərlər",- deyə Hikmət Hacıyev qeyd edib. 

Eyni zamanda, status məsələsinin lazımsız əks-nəticələr verə biləcəyini vurğulayan Hikmət Hacıyev, "Bu, Dağlıq Qarabağın erməni icması arasında lazımsız gözləntilər yarada bilər, eyni zamanda Ermənistandakı radikalların əlinə fürsət verə bilər:

“Buna görə də diqqəti etimad qurma tədbirlərinə cəmləşdirmək, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına yönəltmək lazımdır. Burada ATƏT-in Minsk Qrupu da rol oynaya bilər”.
 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın ABŞ-ın bölgədəki yeni təhlükəsizlik və əməkdaşlığın inkişafında oynaya biləcəyi rolla bağlı sualına cavabında Hikmət Hacıyev qeyd edib ki, ABŞ həm birtərəfli qaydada, həm də həmsədr olaraq mühüm rol oynaya bilər. 


"ABŞ Azərbaycanla Ermənistan arasında etimad yaratmağa kömək edə bilər, həmçinin İrəvanın revanşist ritorikasından imtina edib yeni reallıqla barışmasına təsir göstərə bilər. Eyni zamanda, ABŞ dünyanın digər yerlərində zəngin təcrübə, yenidən qurulma, mina təmizləmə və işğaldan azad edilmiş ərazilərdə inşaat işlərinə kömək edə bilər ...

Amerikanın özəl sektoru da bu işlərdə mühüm rol oynaya bilər. Azərbaycan Prezidenti azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib və burada bərpa olunan enerji mənbələrinə malik Ağıllı Şəhərlər olacaq. Amerika şirkətləri isə bu istiqamətdə zəngin təcrübəyə sahibdir”.

Seminar zamanı Hikmət Hacıyev Türkiyənin regional proseslərdə mühüm rol oynadığını və oynayacağını da qeyd edib.

Onun sözlərinə görə, Türkiyə üçtərəfli əməkdaşlığın inkişafına və digər formatlarına mühüm təsir göstərə bilər. 

Hikmət Hacıyev eyni zamanda “Türkiyə Azərbaycana böyük dəstək göstərdi, lakin Azərbaycan ərazisində türk hərbi bazaları yoxdur. Türk əsgərləri atəşkəsə əməl olunmasını izləmək üçün Rusiya ilə ortaq bir izləmə mərkəzində iştirak edirlər”, deyə əlavə edib.

Rəvan Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO