Əhməd İsmayılov: “Virtual sərhədlərini qorumaq Azərbaycanın prioritetidir”

Əhməd İsmayılov: “Virtual sərhədlərini qorumaq Azərbaycanın prioritetidir”

Hazırda oxunan: Əhməd İsmayılov: “Virtual sərhədlərini qorumaq Azərbaycanın prioritetidir”

97065

“İnformasiya kommunikasiya texnologiyasından təkcə hər hansı qanun pozucusu, cinayətkar qruplar, terrorçu və ekstremist təşkilatlar deyil, hətta dövlətlər də siyasi, iqtisadi və hərbi məqsədlərlə istifadə edə bilərlər. Bu yolla örtülü təcavüz həyata keçirərək milli, regional və qlobal səviyyədə təhlükəsizlik təhdidləri yaradırlar”.

Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.

O bildirib ki, 44 gün davam etmiş Vətən müharibəsi zamanı informasiyanın nə qədər böyük önəm daşıdığının bir daha şahidi olduq.

Əhməd İsmayılov vurğulayıb ki, informasiya müharibəsi, psixoloji qarşıdurma, hibrid müharibə kimi yeni termin və anlayışlar ənənəvi müharibə barədə təsəvvürləri xeyli dəyişdirib:

“Bu gün xüsusi texnologiyaların köməyi ilə dövlətlərin ordusuna və əhalisinə təsir göstərmək imkanları mövcuddur. Eləcə də öz məlumat qaynaqlarını, əhalini düşmənin psixoloji təsirindən etibarlı qorumaq informasiya müharibəsində önəmli vəzifə sayılır.
Hərbi əməliyyatlar zamanı ən vacib məqamlardan biri öz məlumat mənbələrini düşmən təsirindən qorumaq idi və Azərbaycan tərəfi bu işin öhdəsindən gəlməyi bacardı. Müharibə dövründə dövlətimizin informasiya resurslarına çoxsaylı kiberhücumlar təşkil edilmiş, bu hücumların qarşısı müvəffəqiyyətlə alınmışdı.

Ümumiyyətlə, Ermənistan tərəfi, onları himayə edən xarici media mənsubları və sosial şəbəkə istifadəçiləri Vətən müharibəsi günlərində yüzlərlə belə saxta xəbərlər yaysa da, bunların çoxu məharətlə təkzib edilirdi.

Bütün bunlar bir daha göstərir ki, informasiya müasir münaqişələr və müharibələr dövründə yetərincə böyük rol oynayır və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Əhməd İsmayılov əlavə edib ki, bu gün strateji informasiya müharibəsində öz virtual sərhədlərini qorumaq Azərbaycan dövlətinin prioritetlərindən biridir:

“İnformasiya bilgilərinin artırılması, eyni zamanda “Dövlət sirri haqqında” Qanunun tələblərinə riayət olunması həm jurnalistlərin, həm də sosial şəbəkə istifadəçilərinin vəzifəsidir. Digər tərəfdən, informasiya təhlükəsizliyi sahəsində təkcə media nümayəndələri ilə deyil, ölkə vətəndaşları ilə də hüquqi maariflənmə işlərinin aparılması vacibdir.

Düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, İT mütəxəssisləri ilə müdafiə gücləndirməli, təhlükəsizlik tədbirləri davamlı olmalıdır.

Vikipediya, “Google maps”, “Youtube”, “Facebook” kimi beynəlxalq resurslarda ermənilərin yalan məlumatlarına adekvat olaraq müxtəlif dillərdə Azərbaycan həqiqətlərini əks etdirən informasiyalar yerləşdirilməlidir.
Təcrübəli alimlərimiz, tədqiqatçılarımız, ümumilikdə bütün ziyalılarımız yalan məlumatların, dezinformasiyanın qarşısının alınmasında fəal iştirak etməlidirlər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO