“Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri regionda onsuz da kövrək olan sülh prosesinə, təhlükəsizlik mühitinə son dərəcə ciddi zərbə oldu”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, xanım Pelosi açıq şəkildə, aydın mətnlə Azərbaycanı hədələdi:
“O, Azərbaycanın Ermənistan ərazisinə “müdaxilə” etdiyini, “təcavüzkar” olduğunu bəyan etdi.
Bu davranışı ilə tamamilə qərəzli, tamamilə ermənipərəst mövqedə olduğunu, əslində Birləşmiş Ştatların güclü erməni lobbi və diasporunun əlində bir alətə çevrildiyini növbəti dəfə isbatlamış oldu. Hətta özü ilə gələn nümayəndə heyətinin üzvləri də ermənipərəst konqresmenlər idi.
Elə bu səbəbdən də söyləyirdi ki, biz Ermənistana, təxminən ABŞ-ın Merilend ştatı boyda olan əraziyə dost kimi, həm də bir ailə üzvü kimi gəlmişik. Bunun xüsusi vurğulamaq istəyirəm ki, o, həm də qeyd etdi ki, Merilend ştatı boyda olan Ermənistan dörd tərəfdən sıxılmaqdadır.
O, Azərbaycanın, Gürcüstanın, Türkiyənin və çox qəribədir ki, İranın da adını çəkir ki, guya 4 istiqamətdə Ermənistana təzyiq var. Halbuki, İran bütün mənalarda Ermənistanı dəstəkləyir, hətta bunu gizlətmir və bunu açıq şəkildə ifadə edir. Xanım Pelosi görünür nələrinsə yerini səhv salıb.
Yəqin, yaş da özünü göstərir. Artıq yaşı 80-i ötmüş bir xanım görünür ki, ya bilərəkdən, ya da ki, yaşı ilə bağlı belə səhvlərə yol verir. Xanım Pelosinin səfəri ilə paralel şəkildə biz ABŞ Konqresində olan “Ermənistanın Avropa dostları” qrupunun son dərəcə fəallaşdığına şahidlik edirik”.
Millət vəkili onu da əlavə edib ki, ermənipərəst konqresmenlər artıq Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsini gündəmə gətiriblər və hər şeydə Azərbaycanın ittiham edirlər:
“Çox təəssüf ki, 30 il ərzində Ermənistan torpaqlarımızı işğalda saxladı və bir dəfə həmin konqresmenlərin səsi çıxmadı. Özləri isə haqq-ədalətdən, beynəlxalq hüquqdan danışırlar.
Əvvəla, ermənipərəst konqresmenlərin Azərbaycana qarşı sanksiyalar tətbiq etməklə bağlı hədələri əslində onu göstərir ki, bu konqresmenlər üçün Birləşmiş Ştatların qlobal maraqları deyil, dar erməni maraqları hər şeydən üstündür.
Qarşıdan noyabrda gələn parlament seçkilərində də varlı ermənilərin dəstəyinə nail olmaq üçün beləcə ermənidən çox erməni olmaq həvəsinə düşüblər və bu sahədə əməlli-başlı yarış gedir. Xanım Pelosi də həmin yarışın önündə gedən şəxsdir.
Doğurdan da, ermənipərəst konqresmenlərin dəstəyi sahəsində Azərbaycana qarşı sanksiya tətbiq edilsə, bu ilk növbədə Birləşmiş Ştatlarının milli dövlətçilik maraqlarına, strateji maraqlarına çox güclü zərbə olacaq”.
“Birləşmiş Ştatlar çox gözəl fərqindədir ki, Azərbaycan hansı coğrafiyada yerləşir. Həmin coğrafiyada Azərbaycanın qonşuluğunda olan dövlətlərlə Birləşmiş Ştatların hansı gərgin münasibətlərdə olduğu da heç kəsə sirr deyil. Həm də onu da unutmayaq ki, Azərbaycan və Birləşmiş Ştatlar strateji tərəfdaşdırlar.
Görünür ki, yeni konqresmen və senator olmaq istəyi, yenə də varl-imkanlı erməni lobbisi və diasporundan pul alıb parlamentə düşmək istəyi o qədər yüksək səviyyədədir ki, ABŞ-ın milli maraqları bunun fonunda kölgədə qalır. Onu da həmin konqresmenlər unutmasınlar ki, beynəlxalq birliyin subyekti kimi Azərbaycan və ABŞ eyni hüquqlara malikdir.
Birləşmiş Ştatlar fövqəl dövlət olsa da belə, hər halda unutmasınlar ki, demokratiyadan insan haqlarından, sülhdən, beynəlxalq hüquqdan danışan rəsmi Vaşinqton fərqində olmalıdır ki, dünya nizamında və beynəlxalq münasibətlər sistemində Azərbaycanın da bərabər hüquqları var”, - deyə deputat qeyd edib.
E.Nəsirov qeyd edib ki, Azərbaycana qarşı sanksiya tətbiqi ölkəmizi analoji addımlar atmağa vadar edə bilər:
“Buna görə də, bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək. Eyni zamanda, Birləşmiş Ştatların regional siyasətində çox ciddi çatlar əmələ gələ bilər, çox ciddi dəyişiklər əmələ gələ bilər. Həmçinin, Azərbaycanın öz strateji tərəfdaşlara münasibətdə fərqli xətt seçməsinə, fərqli yanaşma ortaya qoymasına bais ola bilər və bunun üçün səbəblər yaratmış olar”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:13 / 20.09.2022
“Azərbaycan ABŞ-a sanksiya tətbiq edə bilər” — Elman Nəsirov
Hazırda oxunan: “Azərbaycan ABŞ-a sanksiya tətbiq edə bilər” — Elman Nəsirov
Hazırda oxunan: “Azərbaycan ABŞ-a sanksiya tətbiq edə bilər” — Elman Nəsirov
94748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.