“Trass Consondan da sərt olacaq. O xarici işlər naziri vəzifəsində son dərəcədə sərt idi. Bu ənənəni baş nazir vəzifəsində də qüvvədə saxlayacaq”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri seçkilərin nəticələrinə görə, Liz Trass Torilərin yeni lideri və İngiltərənin baş naziri olması fonunda ölkənin yürüdəcəyi siyasəti dəyərləndirərkən deyib:
“Torilər hər zaman İngiltərənin dünya çapında milli maraqlarını qətiyyətlə yerləşdirməyə nail olub, bir çox məsələlərdə barışmazlıq nümayiş etdiriblər. Avropa İttifaqından çıxandan sonra təkbaşına orta xətti tutub. Britaniya köhnə statusunu özünə qaytarmaqla artıq özü qütbə çevrilməyə cəhd edir. Bu mənada Rusiyaya qarşı müqavimət göstərməsi, ona qarşı sanksiyaları gücləndirməyi tələb etməsi də təsadüfi deyil.
MÖVZU İLƏ BAĞLI:
Liz Trass Britaniyanın yeni baş naziri oldu - VİDEO
Amma hansı qüvvə hakimiyyətdə olsa da, onlar üçün ən vacibi daxili siyasətdir. Vergi, islahatlar, enerji və miqrant məsələsində London həmişə çalışıb bir qədər ehtiyatlı mövqe tutsun. Digər tərəfdən, çalışır ki, özünün əlahiddə siyasəti olsun.
Odur ki, Liz Trassın siyasətində kordinal dəyişikliklərin olacağını düşünmürəm. Consonun özü də daxili ixtilaflara baxmayaraq, sırf İngiltərənin baş naziri idi, beynəlxalq məsələlərdə loyallıqdan uzaq idi. Trass isə bir qədər ondan da sərt olacaq.
Əsas istiqamət bilirsiniz ki, Rusiyadır. ABŞ və Avropada Fransa Rusiyaya qarşı təzyiqləri bir qədər azaldıb. Ancaq Britaniyada bu proses hələ ki, əks olunmur. Trass da anoloji siyasəti davam etdirəcək. O xarici işlər naziri vəzifəsində son dərəcədə sərt idi. Ümid edirəm ki, bu ənənəni baş nazir vəzifəsində də qüvvədə saxlayacaq”.
Politoloq bildirir ki, Trassın gəlişilə Bakı ilə London arasında münasibətlər əvvəlki tək davam edəcək:
“Azərbaycanla Britaniya arasında strateji tərəfdaşlıq mövcuddur. BP Britaniya iqtisadiyyatının flaqmanıdır. Bu dövlət həmin şirkət vasitəsilə Azərbaycana ən çox investisiya qoyan ölkədir. Hər iki tərəf ikili formatda həmahəng dialoq da qurub. Hərbi-texniki sahədə də əməkdaşlıq edirik. Əksər lordlar da artıq Azərbaycan həqiqətlərini üstün tutur”.
Rüfət Sultan, Bizim.Media