NATO-nun 30 il gecikmiş Qarabağ planı

NATO-nun 30 il gecikmiş Qarabağ planı

Hazırda oxunan: NATO-nun 30 il gecikmiş Qarabağ planı

9080

NATO Baş katibi Yens Stoltenberg yaxın günlərdə Parisdə təşkil edilən konfransda çıxışı zamanı konfrans iştirakçılarına müraciət edərək "Dağlıq Qarabağ münaqişəsinin siyasi həll yolunu tapmaq lazımdır"  - deyə qeyd edib.

İtaliyanın keçmiş baş naziri Enriko Lettanın Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıran Stoltenberg qeyd edib ki, Moldova və Dağlıq Qarabağ kimi münaqişələrin həlli üçün müvafiq siyasi həll yolları tapılmalıdır. NATO-nun əsas mesajının dövlətlərin suverenliyinə hörmət edilməsi olduğunu qeyd edən baş katib, dondurulmuş münaqişələrin siyasi həllinə yönəlmiş bütün səyləri dəstəklədiyini bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

NATO Qarabağı müzakirə edəcək


Görünən odur ki, NATO baş katibi Dağlıq Qarabağ münaqişəsi haqqında heç də tərəfsiz mövqeyə malik deyil və NATO-nun aparıcı ölkələrindən biri olan Fransa kimi əldə olunan nəticədən razı qalmayıb. Çünki əks halda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün mümkün bütün siyasi həll variantlarının tükəndiyini və yalnız hərbi yolla münaqişənin sona çatdırılması ilə bağlı yanaşmasından bixəbər olduğunu nümayiş etdirməzdi.

NATO Baş katibi qurumun dövlətlərin süvrenliyininə hörmət etdiyini qeyd edir, lakin niyəsə arxada qoyduğumuz 30 il ərzində Azərbaycanın süverenliyi və ərazi bütövlüyü NATO çərçivəsində görməzdən gəlinirdi.

Yalnız indi Qarabağda Rus sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı hissləri oyanmağa başlayıb. 30 il sonra NATO Baş katibinin yadında düşüb ki, sən demə Dağlıq Qarabağda belə bir münaqişə ocağı varmış və bu münaqişəni həll etmək lazım imiş, özü də məhz siyasi yolla. 

Ola bilsin ki, Yens Stoltenbergin təsəvvüründə Dağlıq Qarabağ münaqişəsi hələ də davam edir. Lakin Azərbaycan hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməyə və uzun illər dondurulmuş münaqişəni 44 gün kimi qısa bir müddətdə həll etməyə nail olub. Üstəlik Azərbaycan bunu münaqişənin siyasi yolla həll olunması nağılları danışaraq 30 ilə yaxın bir müddət baş verənlərə səssiz qalan qüvvələrə rəğmən reallaşdıra bilib.

“Toydan sonra nağara” kimi səslənən Baş katibin sözləri bu gün Azərbaycan üçün hər hansı əhəmiyyət kəsb etməyən və gecikmiş açıqlama olduğu aydındır. Çünki Azərbaycan tərəfi regionda münaqişənin artıq sona çatdığını və bunun da Azərbaycan ordusunun gücü hesabına reallaşdığını qeyd edib.

Əgər NATO rəhbərliyinin Rusiya ilə qlobal miqyasda bir anlaşmazlığı varsa, bu iki regional super güc bir biri ilə yola gedə bilmirsə, digər dövlətlər də bu soyuq münaqişədə tərəf tutmağa məcbur deyillər. Əksinə Azərbaycan öz sülhpərvər mövqeyini bir daha nümayiş etdirərək tərəflər arasındakı anlaşmazlıqların “siyasi yolla” həll olunmasından tərəfdardır.

Bəli, NATO və Rusiya arasındakı anlaşmazlığın siyasi həlli tapılmalıdır. NATO Baş katibi Stoltenberg Dağlıq Qarabağ münaqişəsinin həlli üçün gecikmiş ola bilər, ancaq Rusiya ilə münaqişə hələ də davam edir. Cənab Baş katibin öz siyasi həll tapmaq bacarığını bu münaqişədə tətbiq eləsə daha yaxşı olardı.

Bizim.Media, Rəvan Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO