Ermənistanda kilsə-dövlət MÜHARİBƏSİ - Paşinyan II Qaragenin yerinə öz adamını hazırlayır

Ermənistanda kilsə-dövlət MÜHARİBƏSİ - Paşinyan II Qaragenin yerinə öz adamını hazırlayır

Hazırda oxunan: Ermənistanda kilsə-dövlət MÜHARİBƏSİ - Paşinyan II Qaragenin yerinə öz adamını hazırlayır

90202

Ermənistanda son zamanlar baş nazir Nikol Paşinyanla katalikos II Qaregen arasında məxməri inqilab dövründən başlanan konflikt kəskinləşməkdədir. Belə ki, əvvəlki illərdə avqustun 21-də katalikosu ad günü münasibətilə təbrik edən Paşinyan bu il anoloji addımı atmayıb. 

Onlar arasında soyuq münasibətlər 2018-ci ilin məxməri inqilab dövründə Qaregenin əvvəlki Serj Sarkisyan hakimiyyətini dəstəkləməsi fonunda yaransa da, Ermənistanın 44 günlük müharibədə məğlub olması münasibətlərdəki gərginliyi daha kəskin həddə çatdırıb. Belə ki, həmin məğlubiyyətə görə II Qaregen də hökuməti açıq şəkildə tənqid edib. Bu isə onu göstərir ki, Azərbaycanın müharibədə əldə etdiyi möhtəşəm qələbəsi Ermənisan cəmiyyətində, hətta əvvəllər əlaqələri möhkəm olan kilsə ilə hökumət arasında belə kəskin ziddiyyətlərin yaranmasına gətirib çıxarıb.

Qeyd edək ki, Ermənistanda kilsə mühüm rola malikdir. Hətta onu dövlətdə dövlət də adlandırırlar.

Paşinyanla Qaregen arasında münasibətlərin korlanmasının kökü məxməri inqilab dövründə ikincinin Serj Sarkisyanı dəstəkləməsinə gedib çıxır. Məhz Paşinyanın 2018-ci ilin aprelində hakimiyyətə gəlməsindən sonra həmin ilin iyulundan başlayaraq bəzi din xadimləri katalikosa qarşı da üsyana başlayaraq, Sarkisyan kimi onun da istefasını tələb edirlər. Həmin dövrdə “Yeni Ermənistan, yeni patriarx” şüarları ilə İrəvanın mərkəzində mitinqlər də təşkil olunurdu. Bu hərəkata da Gndevanq monastrının rəhbəri yeromonax Koryun Arakelyan rəhbərlik edirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Qərblə “oyun oynayır” - Anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır


Ölkədə baş verən inqilabdan sonra o kilsədə də anoloji nəticələrin əldə edilməsinə və Qaregenin istefasına çalışırdı.  

Paşinyan bu hadisələrə sakit yanaşsa da, aydın görünürdü ki, prosesin arxasında məhz o dayanırdı. Belədə Paşinyan vaxtilə Sarkisyanı dəstəklədiyinə görə Qaregendən qisas almağa çalışırdı.

Onu da qeyd edək ki, həmin dövrdə Qaregen Sarkisyan tək cəmiyyətdə nüfuzunu itirmişdi. Hətta o xalq arasında korrupsioner kimi tanınırdı. II Qareginin bütün hakimiyyəti qalmaqallarla müşayiət olunub. 2015-ci ildə onun İsveçrə bank hesabında bir milyon dollardan çox pul olduğunu müəyyən edən istintaq materialları ortaya çıxdı. 2018-ci ildə isə Qareginin rus iş adamının ona bahalı zərgərlik məmulatını hədiyyə etdiyi bəlli oldu. Bundan əlavə, katolikos doğulduğu Voskehat kəndindən bir neçə keşiş və iyerarxın təyinatına görə qohumbazlıqda ittiham olunur.

Qaregenlə Paşinyan arasında münasibətlər 2021-ci ilin fevraln 25-də bir qrup yüksək rütbəli hərbçinin müharibədəki məğlubiyyətə görə, Paşinyanın istefasını tələb etməsi fonunda xüsusilə kəskinləşir.

Belə ki, II Qaregen də onları dəstəkləyərək, məğlubiyyətdə və ardınca Ermənistan daxilində kəskinləşən ziddiyyətlərdə Paşinyanı ittiham edərək, onun istefasını tələb edib.  

Görünən odur ki, baş nazir və katalikos arasında gərginlik soyumaq əvəzinə indi daha da kəskinləşir. Paşinyanın Qaregeni ad günündə təbrik etməməsi ən azından buna işarədir. Son illər ölkə rəhbərliyi kilsənin ehtiyac və arzularına elə də ciddi qayğı və diqqət göstərmir. Hətta 2019-cu ildə baş nazir bildirmişdi ki, erməni kilsəsi heç vaxt olmadığı qədər nüfuzdan düşüb və keçmiş hakimiyyətin əlavəsinə çevrilib. Bu fonda görünən odur ki, Paşinyan Qaregenin istefasına nail olmaq istəyir. Amma bu ona elə də asan başa gəlməyəcək. Belə ki, Ermənistanda katalikos Milli Kilsə yığıncağı tərəfindən ömürlük seçilir. Bununla belə ola bilsin Paşinyan dini yeparxiya daxilində Qaregenə qarşı müxalifəti formalaşdırıb, onun vaxtından əvvəl istefaya getməsinə çalışır. 

Hər halda görünən proses onu deməyə əsas verir ki, Ermənistan yaxın dövrdə hakimiyyətlə kilsə arasında olduqca gərgin mübarizə meydanına çevriləcək. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, II Qaregenlə Paşinyan arasında gərginləşən münasibətlərin arxasında maliyyə maraqları dayanır. Daha doğrusu, kilsənin maliyyələşməsində yaranan problem Qaregeni Paşinyana qarşı çıxmağa sövq edib:

“Uzun müddət Ermənistanda dövlət olmayıb deyə, orada kilsə dövlət statusunda çıxış edib. İndinin özündə də orada kilsə aparıcı qüvvədir. Terror qrumları olan Daşnakstyunu, ASALA-nı da dəstəkləyən məhz Ermənistan kilsəsidir. Azərbaycan Ordusunun 44 günlük müharibədə qələbəsindən sonra Eçmiədzin kilsəsinin maliyyələşməsində ciddi problemlər yaranıb.
 

Xaricdən gələn maliyyə mənbələri, ianələr dayandırılıb. II Qaregen də bunun günahını Paşinyanda görür deyə, onu ittiham edir. Paşinyan da hakimiyyətini qorumaq üçün dövləti dindən uzaq tutmaq istəyir. Bilir ki, kilsə ona problemlər yaradacaq və yaradır”. 


Belə bir qarşıdurma həmsöhbətimizə görə, ciddi silahlı münaqişəyə gətirib çıxara bilər:

“ASALA və digər erməni terror təşkilatları kilsənin təkidilə Paşinyanın hakimiyyətdən getməsinə çalışır. Paşinyan da bunu başa düşdüyündən kilsəyə əvvəlki statusunu qaytarmayacaq. Çünki Ermənistanın iqtisadi durumu çox ağırdır”. 

Politoloq düşünür ki, qarşdurma Paşinyanın qələbəsilə nəticələnəcək və II Qaragen vəzifəsindən uzaqlaşdırılacaq:

“Çünki ABŞ onun yanındadır, ona görə də Paşinyanın mövqeyi güclüdür. Rusiya üçün isə indiki halda Ermənistan elə də önəm daşımır. Çünki Türkiyə kimi müttəfiq qazanandan sonra hazırda ona Ermənistan kimi provakator dövlət lazım deyil. Paşinyan Qaregenə qarşı etiraz aksiyaları təşkil etməklə onun istefasına nail olacaq. Çünki dövlət resursları baş nazirin əlindədir. Bu fonda da Paşinyan indiki katalikosu özünə yaxın başqa birisilə əvəzləyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO