İlham Əliyev İslamiadanın açılışında iştirak etdi - VİDEO

İlham Əliyev İslamiadanın açılışında iştirak etdi - VİDEO

Hazırda oxunan: İlham Əliyev İslamiadanın açılışında iştirak etdi - VİDEO

87784

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində “Türk Yıldızları” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları möhtəşəm mərasimin iştirakçılarına xoş anlar yaşadıb.

Sonra Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə çıxış edib. Konsert zamanı dron və işıq effektləri mərasimə xüsusi rəng qatıb.

Daha sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub. Bu möhtəşəm tədbirin tamaşaçıları arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını hərarətlə alqışladılar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə qısa söhbət edib. Mərasimdə əvvəlcə səhnəyə çıxan rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandırıblar. 

Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edir. Loqoda, həmçinin ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

Açılış mərasimində Türkiyə tarixinin müxtəlif dövrlərini və mədəni zənginliklərini əks etdirən kompozisiya nümayiş olunub. Kompozisiyanın sonunda işıq effektləri vasitəsilə səhnədə Türkiyə bayrağı və ay-ulduz fiquru təcəssüm etdirilib. Ardınca hərbçilər Türkiyənin Dövlət Bayrağını səhnəyə gətiriblər. Bayraq Türkiyənin Dövlət Himni – “İstiqlal Marşı”nın sədaları altında qaldırılıb.

Bayrağın qaldırılmasından sonra “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların paradı olub.

Azərbaycan idmançıları meydana dördüncü sırada daxil olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərarətlə alqışlayıblar.

Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparıblar.

Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.
Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO