“Popov bu çıxışı ilə 2018-ci ilə qədər Ermənistan mövqeyindən çıxış etdiklərini etiraf edib. 2018-ci il tarixini göstərməklə çox güman ki, Paşinyanın hakimiyyətə gəldiyi tarixə işarə edir. Demək istəyir ki, Ermənistan Rusiyanın təsir dairəsində olanda Kreml İrəvana “7 rayonu boşaldın və Dağlıq Qarabağın statusu müzakirə olunmayacaq” kimi təzyiqlər göstərməyib. Yəni Rusiya birmənalı şəkildə Ermənistanın yanında dururdu.”
Bizim.Media xəbər verir ki, bu sözləri Ağ partiyanın sədri Tural Abbaslı Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səlahiyyətli səfiri İqor Popovun son fikirlərinə münasibət bildirərkən səsləndirdi.
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslı: “Məmurlar xalqın dərdini hiss etmir”
Partiya sədrinin fikrincə, Paşinyanın baş nazir postunu tutması ilə İrəvan qərbə inteqrasiya etməyə başladı və Moskvanın bundan narahat olduğu heç kəsə sirr deyildi.
“Amma mən deməzdim ki, Rusiya Ermənistanı təkcə Paşinyana görə cəzalandırmaq istəyib. Ruslar elə bir görüntü yaratmağa çalışırlar ki, guya onlar məsələyə loyal yanaşmasa, razılıq verməsəydi, Azərbaycan heç nə edə bilməyəcəkdi. Ruslar Paşinyanın cəzalandırılmasını istəyirdi, amma eyni zamanda Azərbaycan ilə Ermənistanda mövqelərini itirmək fikrində deyildilər. Onlar gözəl bilirdilər ki, Qarabağ məsələsi birdəfəlik həll olunarsa, Kreml həm İrəvan, həm də Bakıya təsir imkanlarından məhrum olacaqdı”.
Tural Abbaslı Gürcüstanı örnək gətirərək əlavə etdi ki, Abxaziya və Cənubi Osetiya problemlərinə rəğmən Tbilisi ölkədə Moskva təsirlərini demək olar ki, sıfırlayıb. O ki qaldı Qarabağa:
“Əgər Qarabağ məsələsi Ermənistan ilə Azərbaycanın ümidinə qalsaydı, yəni İrəvan və Bakı istər danışıq, istərsə də hərb yolla problemi həll etsəydi, bütövlükdə Kremlin regiona təsir imkanları olmayacaqdı. “Paşinyanı cəzalandırmaq üçün olanlara göz yumduq, ay biz şərait yaratdıq” kimi Rusiyadan gələn bəyanatlar qeyri-səmimidir. Çünki 44 günlük müharibənin gedişatında Azərbaycan prezidentinin çıxışlarından da hiss olundu ki, Bakıya təzyiqlər var, Qarabağdakı separatçılara dəstək verən ölkələr mövcuddur”.
“Əgər Moskva Paşinyanı cəzalandırmaq istəyirdisə, son müharibədə Qarabağdakı separatçılara niyə dəstək verirdilər?”,- deyən Ağ partiyanın sədri bu yardımın hər sahəni əhatə etdiyini əlavə etdi:
“Hətta nisbətən bitərəf bəyanatlar səsləndirən Putin də demişdi ki, 44 günlük savaş ərzində Ermənistan ərazisinə hücum olarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) prosesə qoşulacaq. Popovun vəziyyətə guya daim Rusiyanın nəzarət etdiyi görüntüsünü yaratmağına gəlincə, açığı düşünmürəm ki, bu bölgədə Rusiya əvvəlki Rusiyadır. Təbii ki, Kremlin İrəvana da, Bakıya da təsir imkanları qalır.”
Bu gün Azərbaycan ərazisində Rusiya sülhməramlılarının olduğunu deyən Tural Abbaslı vurğuladı ki, buna baxmayaraq həm İrəvan, həm də Bakı siyasi müstəqilliklərini daha çox təmin edib.
“Problemin həllində Türkiyənin də keçmiş və gələcək iştirakını nəzarə alsaq, deyə bilərik ki, indiki Rusiya regionda 26 sentyabradək olan gücə sahib deyil. Biz çalışmalıyıq ki, prosesi davam etdirək və tam mənada Rusiyadan xilas olaq”,- deyə Ağ partiyanın lideri fikrini tamamladı.
Anar Rəhimov, Bizim.Media