Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də keçirdiyi onlayn mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupunun fəaliyyətini dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirib.
Belə ki, bundan əvvəl Bakıda keçirilən birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, o, Azərbaycan tərəfi ilə ATƏT-in Minsk Qrupunun işini müzakirə etməyib, çünki bu qurum “Amerika və Fransa iştirakçılarının təşəbbüsü ilə fəaliyyətini dayandırıb”.
Rusiya Minsk qrupu adı altında keçirilən bugünkü toplantıya da qatılmayıb.
Paşinyan isə bu açıqlamadan təəccübləndiyini bildirərək vurğulayıb ki, 2022-ci il aprelin 19-da Moskvaya rəsmi səfəri zamanı Ermənistan rəhbəri Rusiya prezidenti ilə birgə bəyanat imzalayıb və orada deyilir ki, “Biz ATƏT-in Minsk Qrupunun potensialından, onun beynəlxalq mandatından istifadə etməklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əməkdaşlıq etməliyik”.
Sual yaranır, Putin və Lavrovun eyni məsələdə fərqli mövqe sərgiləməsinə səbəb nədir?
Mövzunu Bizim.Media üçün şərh edən politoloq İlqar Vəlizadə vurğulayıb ki, bu açıqlama Lavrovun özfəaliyyətinin məhsulu ola bilməz:
MÖVZU İLƏ BAĞLI:
Amerikalı politoloq: “ABŞ-ın bəzi rəsmiləri artıq Ukraynanın qalib gələcəyinə inanmır”
“Bunu əminliklə söyləyə bilərəm. Çünki bu gün ABŞ Dövlət Departamenti tviterdə açıqlama yayıb ki, guya Ağ Evin ATƏT MQ-dakı nümayəndəsi digər həmsədrləri Qarabağ məsələsinin müzakirəsi üçün yığışmağı təklif edib. Lakin Rusiya tərəfi bu təklifdən imtina edib.Yəni bu, Paşinyanın yox, ABŞ-ın açıqlamasıdır. Bu da ondan xəbər verir ki, Minsk Qrupu ən azı Rusiya tərəfindən qəbul olunmur. Bu heç də Rusiya-Azərbaycan münasibətləri ilə bağlı deyil. Moskva Minsk Qrupunu Qərblə soyuq müharibəsi səbəbindən qəbul etmir”.
Politoloqun sözlərinə görə, bu istənilən halda Azərbaycanın lehinədir:
“Çünki Azərbaycan Minsk Qrupunun bərpası fikrini hər zaman pisləyib. Həmsədrlərin bərpası Madrid prinsiplərinin yenidən ortaya atılması və münaqişədən əvvəlki gündəliyin yenidən canlandırılması deməkdir. Bu, eyni zamanda Dağlıq Qarabağın statusu və digər məsələlərin də bərpası deməkdir.
Rusiya isə başa düşür ki, geriyə yol yoxdur. Çünki Moskvanın maraqları ondan ibarətdir ki, regional kommunikasiyalar açılsın və malları Qərbə, yəni Türkiyə, Yaxın Şərq və Şimaki Afrika istiqamətində daşınsın. Bu Rusiyanın nüfuzu məsələsidir.
Çünki Qərbə gedən yollar sanksiya səbəbindən bağlanıb və yaxın dövrdə bərpası gözlənilmir. Bunun üçün də Azərbaycanla münasibətlərin normal olması, eləcə də postmüharibə reallığının qəbulu mühüm şərtdir”.
Murad Əhmədov, Bizim.Media