Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı iki ölkənin münasibətlərinin bütün sahələr üzrə strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm sənədlər imzalandı.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Medianın İnkişafı Agentliyi ilə Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında imzalanan anlaşma memorandumu ilə iki ölkənin media sahəsində də dərin əməkdaşlığının əsası qoyuldu.
Bu sənədin imzalanmasının mühüm amilləri var. Hər şeydən öncə Azərbaycan mediasının fəaliyyət traektoriyası artıq beynəlxalq arenaları əhatə edir. Beləliklə, ölkə daxilində peşəkar medianın inkişafının təşviq edilməsinə paralel olaraq, mediamızın sərhədlərimizdən kənarda da fəaliyyəti genişlənəcək.
Bununla yanaşı, təcrübə mübadiləsi imkanları genişlənəcək, xüsusilə Azərbaycan mediasındakı təcrübənin Özbəkistan mediası tərəfindən öyrənilməsi nüfuz və imicin güclənməsi baxımından əhəmiyyətlidir. Bunu mediamızda həyata keçirilən köklü islahatların qısa zamanda bəhrəsi hesab edə bilərik.
Vaxtilə xaos vəziyyətin mövcud olduğu mediamız köklü islahatlar nəticəsində qısa müddətdə toparlandı və səsi artıq beynəlxalq arenalardan gəlir.
Demokrat.az-ın məlumatına görə, Azərbaycan və Özbəkistan arasında media sahəsi üzrə anlaşmanın əldə edilməsinin ən mühüm məqamlarından biri türk dünyasının inteqrasiyasıdır.
Bundan öncə Azərbaycan qardaş Türkiyə ilə media sahəsində fəaliyyətini koordinasiya etməyə başlamışdı. Bu ortaq fəaliyyət digər türkdilli ölkələr üçün də nümunəyə çevrildi. Türk Dövlətləri Təşkilatı çərçivəsində Media Koordinasiya Mərkəzinin (MKM) yaradılması ideyası hər gün daha da aktullaşır.
Media Koordinasiya Mərkəzinin yaradılması ideyası olduqca əhəmiyyətlidir. Bu imkan verəcək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələri media sahəsi üzrə təcrübə mübadiləsi aparsın.
O cümlədən, türk dünyasının informasiya məkanında milli maraqların qorunması, informasiya müharibəsində güclərin birləşdirilməsi və ortaq fəaliyyətin qurulması imkanları da var.
44 günlük Vətən Müharibəsində Azərbaycan və Türkiyə mediasının ortaq fəaliyyəti uğurlu presedentlərdəndir. Bura digər türk dövlətlərinin də daxil edilməsi informasiya sahəsində də güclənməyimizə şərait yarada bilər.
Medianın İnkişafı Agentliyinin Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ilə imzaladığı anlaşma memorandumuna bu kontekstdə də baxa bilərik.
Türkiyə mediası ilə koordinasiyalı fəaliyyətini təşkil edən Azərbaycan mediası artıq daha bir türk dövləti ilə analoji addımı atır. Bu, həm Azərbaycanın informasiya sahəsində fəaliyyətinin güclənməsi, həm də türk dünyasının ortaq fəaliyyətinin qurulması üçün tarixi addımlardan biri hesab edilə bilər.
Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru