“Azərbaycanda Boloniya təhsil sistemi ya təkmilləşməli, ya da ümumiyyətlə ləğv edilməlidir. Ölkəmizdə iki pilləli ali təhsil sistemi özünü doğrulmayıb. Əvvəlki 5 illik ali təhsil sistemi daha etibarlıdır”.
Bunu Bizim.Media-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov Rusiyanın Boloniya təhsil sistemindən çıxması fonunda həmin sistemin Azərbaycanda özünü nə dərəcədə doğruldub-doğrultmadığına aydınlıq gətirərkən deyib:
“Boloniya prosesi o qədər də təkmil deyil. Boloniya sistemini yaratmaqda məqsəd Avropada vahid ortaq təhsil sistemi yaratmaq olub. Amma özünü doğrultmayıb”.
MÖVZU İLƏ BAĞLI:
Universitetlərdə kreativ RÜŞVƏT MEXANİZMİ - Plagiat Komissiyası nədir?
Ekspertə görə, Boloniya prosesinin əsasnaməsi belə qüsurludur:
“Bir maddədə deyilir ki, məqsəd Avropada ortaq təhsil məkanı yaratmaqdır. Digər maddədə isə bildirilir ki, heç kim buna məcbur edilmir, ancaq tövsiyyə edilir. Bu sistemə görə bütün ölkələrin diplomları qarşılıqlı surətdə tanınmalıdır. Amma hələ də bu müddəa həyata keçməyib. Hansısa ölkə Azərbaycanın diplomunu tanımır. Anoloji olaraq Azərbaycan da hansısa başqa ölkələrin diplomlarını tanımır”.
N.İsrafilovun fikrincə, kredit sisteminin tətbiqi, diplomların qarşılıqlı tanınması məsələsində bu sistem özünü doğrultmayıb:
“Kreditlərlə bağlı da ziddiyyətlər var. Fasiləsiz təhsil də doğru yanaşma deyil. Boloniya prosesinin daha bir vacib məqamı ali təhsilin iki pilləyə-bakalavr və magistr təhsilə bölünməsidir.
Bu bölünmədən sonra Azərbaycanda işə götürənlər bakalavr səviyyəsini bitirənlərə texnikumu bitirən şəxs kimi baxırlar. Ona görə də iki pilləli ali təhsil sistemi ləğv edilməlidir. Əvvəlki 5 illik ali təhsil sistemi daha etibarlıdır. Əlavə 2 illik magistr təhsilinə ehtiyac görmürəm”.
Rüfət Sultan, Bizim.Media