“Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Bundan əvvəl planlaşdırdığımız hər bir şeyi həyata keçirmişik”
Onun sözlərinə görə, bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər:
“Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub”.
Prezident Azərbaycanın zəruri infrastruktura malik olduğunu açıqlayıb:
“Yeni dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları. Azad olunmuş ərazilərdə üç yeni hava limanımız olacaq. Onlardan biri artıq istifadə verilib. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Nəhayət, ölkəmizin coğrafi yerləşməsi, yəni, neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı nəzərə alınmalıdır”.
Bizim.Media