Ötən gün İranın neft naziri Cavad Oci deyib ki, bu ilin ikinci yarısında “Şimal-Cənib” Beynəlxalq nəqliyyat dəhlizi istifadəyə veriləcək. Bu dəhliz üzərindən keçdiyi Azərbaycan üçün deyil, bütün dünya üçün böyük hadisədir. Çünki, bu nəqliyyat dəhlizi dünyanın ən qısa və səmərəli kommunikasiya xətlərindən biridir.
“Şimal-Cənub” nəqliyyat dəhlizinə neçə ölkə qoşulacaq?
Bu vaxtadək “Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizi üzrə imzalanmış hökumətlərarası Sazişə 15-ə yaxın ölkə qoşulub. Xarici ekspertlərin rəyinə görə dəhlizin fəaliyyətə başlaması ilə Sazişə qoşulacaq dövlətlərin sayı ən azı 2 dəfə artacaq.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.
MÖVZU İLƏ BAĞLI:
“Şimal-Cənub” Dəhlizinin ƏHƏMİYYƏTİ – Azərbaycanın dövlət və valyuta gəlirləri ARTACAQ
Hazırkı marşrut üzrə yükün çatdırılma vaxtı 6 həftədən artıqdır. "Şimal-Cənub" vasitəsilə yüklər 3 həftəyə mənzil başına çatdırılacaq. Mütəxəssislər hesab edir ki, dəmir yolu tam istifadəyə verildikdən sonra birinci il 5 milyon ton yük və 250 min nəfər sərnişin daşınacaq. Yol 10 ildən sonra isə 11 milyon ton yük və 500 min sərnişin daşımaq imkanına malik olacaq.
Azərbaycan üçün bu dəhliz nə deməkdir?
“Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verəcək.
Birincisi, Azərbaycan Avropa və Asiya üçün bir daha vazkeçilməz tərəfdaşa çevriləcək. Ölkəmizin Beynəlxalq nüfuzu güclənəcək.
İkincisi, ölkəmiz tranzit daşımalardan külli miqdarda əlavə gəlir əldə edəcək.
Üçüncüsü, dəhliz çərçivəsində İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq.
Bu dəhliz hansı dövlətlərin xilası olacaq?
Süveyş kanalında yaranan tıxaclar Asiya dövlətlərini tez-tez çətin vəziyyətdə qoyur. Hazırda Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirlərsə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə cəmi 7 min 200 kilometr yol qət edəcəklər.
Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz düşəcək. Məsələn, Hindistan 20 faiz nəqliyyat xərclərinə qənaət etmiş olacaq. Beynəlxalq sanksiyaların məngənəsində sıxılan Rusiya və İran üçünsə bu dəhliz bir nəfəslik olacaq.
Surxay Atakişiyev, Bizim.Media