“Brüssel görüşündən sonra danışıqlarda dinamika müşahidə olunur. Ermənistanın ilyarım ərzində boyun qaçırdığı iki mövzuda danışıqların daha intenstiv aparılması və institutsionallaşması hiss edilir. Nəqliyyat kommunikasiyalarının açılması və sərhədlərin delimitasiyası ilə bağlı görüşlər keçirilib və növbəti görüşlərin keçirilməsi razılaşdırılıb. Lakin bir nüansı qeyd etməliyik ki, əvvəllər vasitəçilərin fikir ondan ibarət idi ki, tərəflər razılaşsınlar, biz də bu razılığı qəbul edəcəyik. Ukraynadakı müharibədən sonra isə vəziyyət dəyişib, tərəflər razılaşır və vasitəçiləri əldə olunan razılıqla tanış edir, onların iştirakını müəyyən edirlər”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində Fərhad Məmmədov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan XİN-in ittihamına Fərhad Məmmədovdan CAVAB: “Bu yeni eskalasiyalara səbəb ola bilər”.
Belə ki, Brüssel görüşündən sonra delimitasiya komissiyalarının ilk görüşünün keçirilməsi və növbəti görüşlərin təşkilinin razılaşması fonunda regionda müşahidə edilən aktivliyi şərh edən politoloq Rusiya və Avropa İttifaqının vasitəçiliyindəki dəyişikliklərlə bağlı da fikirlərini bölüşüb:
“Nəqliyyat-kommunikasiya xətlərinin açılmasında Rusiya tərəf kimi çıxış edir. Amma razılıqlar Brüsseldə həll olunub. Buna görə də, Azərbaycan və Ermənistan Rusiyanı proseslə bağlı məlumatlandırmalıdır. Sərhəd məsələsində isə Avropa-Rusiya münasibətlərinin kəskinləşməsi, onların hər ikisinin konsultativ funksiyası nəzərə alınaraq, Azərbaycan və Ermənistan növbəti iclaslarını Moskva və Brüsseldə təşkil edəcəklər. Ona görə ki, əldə olunan razılaşmalarda Rusiya və Avropanın iştirakının və yardımının hansı formada həyata keçiriləcəyini də müəyyən etsinlər. Yəni, hansı xəritələr üzərində iş gedəcək, yaxud Aİ hansı formada texniki yardım göstərəcək”.
Fərhad Məmmədovun sözlərinə görə, sülh müqaviləsi və Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılması məsələlərində delimitasiya və kommunikasiya prosesində əldə olunan proqresə uyğun şəkildə irəliləyiş əldə olunacaq.
Politoloq delimitasiya məsələsinin öz həllini tapmasından sonra Ermənistanın Qarabağda yaşayan ermənilərlə bağlı iddialarının davam edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib:
“İddiaların davam etməsi mümkündür. Eyni zamanda delimitasiya uzun müddət tələb edən prosesdir. Lakin prinsiplər müəyyən edilə bilər ki, hansı istiqamətdə bu proses gedəcək. Əgər bu gün açıq məsələlər varsa, onların qapadılması ilə bağlı çərçivə sənədi müəyyən oluna bilər ki, hansı xəritələrdən istifadə olunacaq, yaxud anklavlarla bağlı vəziyyət nə yerdədir. Çərçivə sənədi qəbul edib, irəliləmək daha məntiqlidir, nəinki işlərin kor-koranə aparılması.
Kommunikasiyaların açılması isə delimitasiya prosesi başa çatmadan texniki olaraq mümkün deyil. Ən azı ilk mərhələdə kommunikasiya xətlərinin keçəcəyi ərazilərdə delimitasiya prosesini həyata keçirmək lazımdır.
O ki qaldı, status iddialarına, yaxşı olardı ki, paket formasında sülh müqaviləsi çərçivəsində həll olunsun. Azərbaycanın təklif etdiyi beş prinsip bütün məsələləri əhatə edir.
Amma Ermənistan tərəfinin buna o qədər də hazır olmaması, digər tərəfdən Moskva və Brüsselin Azərbaycanın terminologiyasını qəbul etməsi onu göstərir ki, İrəvanın ümidləri çox olmamalıdır. Zaman keçdikcə biz, Aİ və Rusiyanın mövqelərinin transformasiyanı müşahidə edirik. Onlar bizim terminologiyadan istifadə edir, yanaşmaları da bizim mövqeyimizə uyğundur. Nəticə olaraq, Ermənistanın ümidləri və məqsədə çatmaq üçün seçdikləri vasitələr yox olub gedəcək”.
Murad Əhmədov, Bizim.Media