Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüş və əldə edilən nəticələr bölgədə sülhün bərqərar olması yolunda atılan mühüm addım hesab oluna bilər.
Bu mənada aydın məsələdir ki, Brüssel görüşü artıq iki həftədən çoxdur Ermənistanda revanşist qüvvələrin Azərbaycanla sülh müqaviləsinin bağlanması əleyhinə başladıqları mitinqlər dalğasını əhəmiyyətsizləşdirib.
Proses onu göstərir ki, erməni cəmiyyətinin əksəriyyəti müharibədən bezib, ona görə də sülhün əldə edilməsinə tərəfdardır. Bu səbəbdən də revanşistlərin keçirdikləri etiraz aksiyaları ciddi dəstək əldə edə bilməyib. Onun nəticəsidir ki, Paşinyan Brüsseldə revanşistləri saya salmadan daha cəsarətli şəkildə bir sıra mühüm razılığa gəlib.
Ermənistandakı revanşist qüvvələrə başlıca zərbəni isə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədlərinin delimitasiyası üzrə Dövlət Kommisiyasının yaradılması haqqında imzaladığı sərəncam vurub.
Belə bir sərəncamın imzalanması daha əyani şəkildə göstərir ki, erməni revanşistlərin etirazlarının heç bir effekti olmayacaq. Belə bir kommisiyanın yaradılması da sübut edir ki, başlanan prosesi heç bir qüvvə dayandıra bilməyəcək. Əksinə, Azərbaycanın qətiyyəli iradəsi fonunda bundan sonra erməni revanşistlərin etiraz dalğası tədricən zəifləyərək tam sönməyə doğru istiqamət götürəcək. Onu da qeyd edək ki, Paşinyan da paralel şəkildə bu addımı öz ölkəsində atıb, komisiyanın yaradılması haqqında rəsmi sənəd imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
“3-cü Dünya Müharibəsi artıq başlayıb” - Ədalət Verdiyevdən AÇIQLAMA
Artıq Qərbin və Rusiyanın məsələyə münasibəti bəllidir. Onlar müxtəlif aspektlərdə olsa da, regionda real sabitliyin olmasında maraqlıdır.
Heç kimə sirr deyil ki, “Qarabağ klanı” bölgədə yenidən gərginliyin alovlanmasını, Cənubi Qafqaz ölkələrinin sülh şəraitində deyil, düşmənçilik mühitində yaşamalarını istəyir. İndi onların vəziyyəti və əhval-ruhiyyəsi Azərbaycanın uzaq keçmişini, keçən əsrin 90-cı illərin əvvəllərini xatırladır.
Əslində bununla dünyanın öz üzərlərinə fokuslamaqla göstərirlər ki, regionda sülhə gedən yolda başlıca maneə məhz onlardır. Tarix isə arxiv qapılarını onların üzünə geninə-boluna açaraq, öz rəfinə düzəcəyi günü gözləyir. Bu gün isə çox uzaqda deyil.
Məlum konstruktiv addımlardan sonra revanşistlər tərəfindən İrəvanda törədilmiş hansı hadisələr baş verə bilər?
Siyasi gündəmdə var olmaq üçün onlar xislətlərinə uyğun hərəkətlərini davam etdirməsələr siyasi gündəmdən silinəcəklər. Koçaryanlar, sarksiyanlar, ohanyanlar o düşüncə sahibi deyillər ki, vəziyyətə adekvat olsunlar. Onlar mütləq ölkəni öz ehtiraslarında boğmaq yolunu seçərək “son döyüşə” qalxacaqlar. Çünki onlar bunu öz xalqlarına qarşı əvvəllər də ediblər. Qan tökmək bu cəlladların bacardığı yeganə işdir.
Bu addımları atdıqları təqdirdə isə erməni ictimaiyyətinin özü onları zibil kimi kürüyüb tarixin arxivinə tullayacaq. Çünki indiki reallığın özü çox fərqlidir.
Çünki buna güc verən iki böyük amil var: Biri, Azərbaycanın QƏLƏBƏSİ, sarsılmaz iradəsi, digəri isə dünya siyasətinin tələb etdiyi iqtisadi gerçəklik.
Yəni, tezliklə İrəvanda idarə olunan son partlayışlar, qanlı qarşıdurmalar olsa şaşırmayın! Bu dəfə qanla qanlı izləri yuyacaqlar.
Rüfət Sultan, Bizim.Media