Tural Abbaslı: “Məmurlar xalqın dərdini hiss etmir”

Tural Abbaslı: “Məmurlar xalqın dərdini hiss etmir”

Hazırda oxunan: Tural Abbaslı: “Məmurlar xalqın dərdini hiss etmir”

7539

“Azərbaycan məmuru əhalinin həssas təbəqəsinin qayğısından uzaqdır, onu hiss etmir. Şəhid ailələri, qazilərlə təmasda heç bir mənəvi hazırlıq hiss olunmur, yerlərdəki ayrı-ayrı dövlət qulluqçularının buna elementar mədəniyyəti çatmır”.

Bu sözləri Bizim.Media-ya müsahibəsində Ağ partiyanın sədri Tural Abbaslı deyib.

O qeyd edib ki, bir çox hallarda şəhid və qazi ailələrinin qayğılarının həlli yolları problem ictimaiyyələşdikdən sonra tapılır:

“Bunlar əvvəlcədən nəzərə alınmalıdır. Kimlərsə deyə bilər ki, bizim bununla bağlı təcrübəmiz olmayıb, I Qarabağ müharibəsində dövlət iqtisadi baxımdan zəif idi və ona görə bu sahədə konkret işlər görülmədi, hüquqi baza yaradılmayıb, ictimai yanaşma ilə bağlı adətlər formalaşmayıb. Amma hər-halda Türkiyə kimi qardaş-qonşu ölkə var və ordan kompleks şəkildə nümunə götürə bilərik”.

Tural Abbaslı deyir ki, bu istiqamətdə Azərbaycan əsaslandırılmış bir proqrama sahib olmalıdır:

“Ermənistan kimi qonşumuz varsa, hər zaman müharibəyə, döyüşə hazır olmalıyıq. Təbii ki, savaş olan yerdə qazi və şəhidlərin də olması labüddür. Dolayısı ilə bizim bu məsələlərə dövlət olaraq artıq konseptual bir hazırlığımız olmalıdır. Belə məsələlər yerlərdə əksər məmur üçün yad temadır. Bu da işimizi ikiqat çətinləşdirir. Düşünürəm ki, dövlət bununla bağlı komissiya, ya da ictimai qurum təsis etməlidir ki, bu məsələlərə kompleks yanaşma olsun”.

Özü də bir şəhid ailəsinin üzvü olan Tural Abbaslı onların üzləşdiyi problemlərdən də söz açdı.

''Biz ortastatistik problemləri həll etməyə qadir ailə olduğumuz üçün o qədər də çox problemlərlə üzləşmədik. Yəni dövlətin etməli olduğunu özümüz edə bilirik deyə o qədər də çətinlik görmədik. Amma cəmiyyətdə hər kəs orta təbəqəyə aid deyil. Biz gördük ki, şəhidlərin çoxu daha kasıb təbəqədən, daha yoxsul vəziyyətdə yaşayan insanlardan ibarətdir. İstər qazi, istərsə də şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı problem çoxdur''.

''Problemlərdən ən primitivi şəhid və ya qazi statusunun alınması, əlillik dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı və digər müvafiq sənədləşmələrdir. Bu yöndə bütün işlərin həlli şəhid və qazi ailələrinin üzərinə düşür. Dövlət prosesdə yoxdur, yerdəki məmur bu məfhumu heçə endirir''.

Dediyi sözlərə nümunə gətirən partiya sədri vurğuladı ki, ayağından yara almış qazi var ki, arayış dalınca onu Bakıdan Füzuliyə göndərirlər. 

“Ayağı yaralıdır, çəliklə gəzir. Yaxud da ki, çağırış məntəqələrinə gedin, görəcəksiniz ki, 5-6 şəhid ailəsi orada dayanıb, ya kağız verir, ya da nəsə sənəd götürür. Belə işləri dövlət öz üzərinə götürməlidir. Bununla bağlı ayrıca işçilər ayrılmalı, ya da onlayn və digər rahat formalarda işlər tənzimlənməlidir. Adi sənədləşməyə belə səhlənkar yanaşma varsa, görün digər məsələlər nə vəziyyətdədir?!”

Tural Abbaslı dedi ki, şəhid və qazi ailələrinə qayğı, onların həyat səviyyəsini yaxşılaşdırmaq üçün ölkədə siyasi iradə var, ancaq bunun necə həyata keçirildiyini təəssüf ki, hər birimiz sosial şəbəkələrdən görürük. 

“Yaralı evində dərman dərdi çəkir, kimisi əlillik ala bilmir, şəhid ailələrinin biri dəfn problemi yaşayır, digəri qəbirüstü abidənin hazırlanmasının çətinliklərini görür. Əgər bir insan vətən uğrunda canından keçirsə və onun ailəsi şikayət edirsə, deməli burada çatışmazlıqlar var”.

Ağ partiyanın sədri vurğuladı ki, bu sahədə ciddi işlər görülməli və hətta çoxsaylı agentlik, mərkəzlərdən birinin yerinə “Qazi və şəhid ailələri ilə iş üzrə komitə” yaradılsa, daha yaxşı olar.

Qeyd edək ki, Ağ Partiyanın sədri Tural Abbaslının qardaşı Teymur Abbaslı Dağlıq Qarabağda gedən döyüşlər zamanı şəhid olub.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO