Hikmət Hacıyevlə Qriqoryanın qapalı görüşü - Ermənilərin təhrif etdiyi MƏQAMLAR

Hikmət Hacıyevlə Qriqoryanın qapalı görüşü - Ermənilərin təhrif etdiyi MƏQAMLAR

Hazırda oxunan: Hikmət Hacıyevlə Qriqoryanın qapalı görüşü - Ermənilərin təhrif etdiyi MƏQAMLAR

73265

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan diplomatik etiket normalarını kobud şəkildə pozaraq, faktiki olaraq Brüsseldə Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi, prezidentin köməkçisi Hikmət Hacıyevlə qapalı danışıqların predmetini nəinki üzə çıxarıb, həm də danışıqların mahiyyətini bilərəkdən təhrif edib.

Bizim.Media xəbər verir ki, A.Qriqoryan daxili siyasi gərginliyi azaltmaq məqsədilə Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar formatını təhlükə altına qoyub.

MÖVZU İLƏ BAĞLI:

Aİ Hacıyevlə Qriqoryan görüşünün pərdəarxası məqamlarını açıqladı


Məlum olduğu kimi, Brüssel sammiti çərçivəsində Azərbaycan yekun nizamlanma üçün qeyd-şərtsiz beş bənd irəli sürmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlar məhz İ.Əliyevin irəli sürdüyü yeni gündəlik əsasında baş tutub.

İ.Əliyevin irəli sürdüyü gündəliyi Nikol Paşinyan da qəbul edib və Azərbaycanın ərazi bütövlüyünün tanınmasının alternativinin olmadığını açıq şəkildə bəyan edib.

Lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya 6 bənddən ibarət təklif göndərdiyini söyləyib.

O, təkliflərin nədən ibarət olduğunu belə açıqlamayıb: 

"Bu iki təkliflər paketini birləşdirib müzakirələrə başlamaq lazımdır. Bu məsələdə həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən anlaşma var. Azərbaycanın bəndlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Sülh müqaviləsi ətrafında danışıqlara başlamaq lazımdır”, - deyə A.Qriqoryan bildirib.

Hazırkı Ermənistan hakimiyyəti aparılan danışıqların təfərrüatlarını təhrif edərək ictimailəşdirməsi ilə bir daha özünün aşağı səviyyədə olan siyasi və sosial məsuliyyət ölçüsünü nümayiş etdirib.

"Haqqın.az" saytının diplomatik mənbələrə istinadən məlumatına görə, Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi danışıqların gələcək gündəliyi və taleyi ilə bağlı heç bir anlaşma ifadə etməyib.

Bundan başqa bildirilib ki, Prezident İ.Əliyev N.Paşinyanla yaxın vaxtlarda görüş planlaşdırmır.

Digər tərəfdən, təsəvvür edək ki, Hikmət Hacıyev qapalı danışıqlarda Ermənistanın təkliflərinin müzakirəsinin mümkünlüyünü bildirib. Bəs nə vaxtdan hakimiyyət qapalı, taleyüklü danışıqlar prosesinin təfərrüatlarını bu formada bəyan edir? Bundan sonra Paşinyan və Qriqoryanla kim nəyisə ciddi müzakirə edəcək?

Diplomatik mənbələrdən bildirilib ki, Azərbaycan nümayəndəsi Qriqoryanla yalnız Paşinyanın qəbul etdiyi nizamlanma və normallaşmanın beş prinsipi çərçivəsində danışıqlar aparıb.

Üstəlik, o, bir daha aydın şəkildə Ermənistan Təhlükəsizlik Şurasının katibinə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin yekun həlli və gələcək münasibətlərin normallaşması Paşinyan hökumətinin istəyindən asılıdır.

Əgər Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alırsa, rəsmi Bakı da öz növbəsində Ermənistanın ərazi bütövlüyünü tanımır.

Hikmət Hacıyev həmçinin A.Qriqoryana birmənalı olaraq çatdırıb ki, Qarabağ məsələsi dövlətlərarası danışıqlarda müzakirə predmeti olmayıb və olmayacaq. Çünki bu, sırf Azərbaycanın daxili işidir.

Azərbaycan prezidentinin köməkçisi birmənalı və birbaşa olaraq Qriqoryana bildirib ki, Ermənistan XİN-in Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü ətrafında vəziyyəti gərginləşdirmək üçün bundan sonrakı istənilən cəhdləri, o cümlədən, Bakının daxili işləri ilə bağlı məsələlərdə əsassız manipulyasiyaları Ermənistanın yeni ərazi iddiaları irəli sürməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, Azərbaycan danışıqların başlaması üçün Ermənistana 5 bənddən ibarət təklif göndərib. Bu təkliflər aşağıdakılardır:

• Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

• Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

• Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

• Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

• Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO