“İstisna etmək olmaz ki, rusiyalı deputatların Azərbaycana qarşı təhdidlərinin əsas səbəbi Ukraynaya göstərilən hərbi yardımlar idi”.
Bu fikirləri Bizim.Media-ya verdiyi açıqlamasında politoloq Fikrət Sadıxov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın yeni PLANI - Kreml erməni revanşistlərə dəstəkdən imtina edir?
Belə ki, rusiyalı deputatların təhdid dolu açıqlamaları fonunda, bir müddət əvvəl Moskvanın Azərbaycana qarşı hiss olunan aqressiyasını şərh edən politoloq rəsmi Bakının şimal qonşumuzu açıq şəkildə dəstəkləmədiyini vurğulayıb:
“Azərbaycan Rusiya ilə partnyorluq münasibətlərində olsa da, açıq dəstək yoxdur. Eyni zamanda Ukraynaya humanitar yardım, ölkələr arasında xoş münasibətlər Rusiyanı qıcıqlandıran amildir”.
Fikrət Sadıxov sözügedən vəziyyətin Cənubi Qafqazda gedən proseslərə təsirlərini də şərh edib:
“Əlbəttə, müəyyən neqativ münasibət Rusiya siyasi dairələrində hiss olunur. Amma belə açıq şəkildə mənfi yanaşma və Cənubi Qafqazda münaqişənin alovlanmasını gözləmirəm. Biz hər halda, Rusiya ilə münasibətlərimizi partnyorluq səviyyəsində saxlayırıq. Onlar bunu başa düşür. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da son açıqlamalarında Azərbaycan və Ermənistan XİN-lərinin görüşünün, sərhədlərin delimitasiyası məsələsinin həllinin gündəmdə olduğunu bildirib.
Ona görə də Rusiya siyasi dairələrinin bu tip açıqlamalarının Cənubi Qafqazda gərginliyin yaranmasına gətirib çıxarcağı real görünmür”.
Qeyd edək ki, Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Erkin Qədirli AŞPA-nın plenar iclasındakı çıxışı zamanı rusiyalı deputatların ölkəmizə qarşı təhdid dolu açıqlamalarına əsas səbəb kimi, Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımları göstərib.
Murad Əhmədov, Bizim.Media