“Gürcüstan prezidentinin Rusiyaya qarşı maliyyə snksiyalarına qoşulması heç də yersiz görünə bilməz. Əgər yadımıza salsaq görərik ki, müharibənin başlanğıcında Qafqazadan, nə Gürücüstan, nə də Ermənistan Ukraynanı dəstəkləmədi. Əksinə Ermənistan tam Rusiya lehinə çıxış etdi. Gürcüstan isə ümumiyyətlə sakitcə hadisələri müşahidə elədi. Buna cavab olaraq Ukrayna hər iki ölkədən səfirlərini geri çağırdı. İndi isə vəziyyət bir qədər dəyişib”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirib.
Belə ki, Gürcüstanın Rusiyaya qarşı mövqeyindəki kəskin dəyişikliyi şərh edən politoloq, əsas səbəbin Abxaziya və Cənubi Osetiyadan qaynaqlandığını qeyd edib:
“Bir neçə gün öncə Gürcüstan tərkibində yaradılmış separatçı rejim olan Abxaziya rəhbərliyi təxribat xarakterli çıxışlar edib. Belə ki, ilk öncə Abxaziya DXR və LNR tanıdıqlarını bəyan edib, 12 mart tarixində isə rejim parlament seçkiləri keçirib və Gürcüstan bu seçkiləri tanımadığını bəyan edib. Hətta Gürcüstan baş naziri Georgi Qaxariya Abxaziya və Cənubi Osetiyanın işğalını Gürcüstanın əsas problemi olduğunu bildirdi. Dünən isə Abxaziyanın rəhbərliyi qondarma rejimin Rusiya Federasiyasının (RF) tərkibinə qatılması haqqında fikri səsləndirib. Buna cavab olaraq da bu gün Gürcüstan rəsmi maliyyə sanksiyalarına qoşulduğunu bəyan edib”.
“İndiki vəziyyətdə RF-nin Gürcüstana hansısa hərbi həmlə etməsi heç də real görünmür. Ən azından ona görə ki, beynəlxalq vəziyyət RF əleyhinə işləyir, RF özünün hərbi ehtiyatı tükənib, Ukraynada çoxlu itkiləri var”, - deyə vurğulayan Amid Əliyev Qərbin də bu dəfə olaylara reaksiyasız qalmayacağını qeyd edib.
Politoloq Rusiyanın Cənubi Qafqaz siyasətində təsir edən məqamlardan biri kimi Qarabağda baş verən hadisələrin rolunu da qiymətləndirib:
“Azərbaycanla daha doğrusu Qarabağla olan vəziyyət Gürcüstandan bir qədər daha fərqlidir. Burada hər şey Azərbaycanın xeyrinədir. Erməni qanunsuz silahlılarının son günlər aktivləşməsi nəticədə Xocalının Fərrux kəndinin və bir sıra strateji yüksəkliyin Azərbaycan ordusu tərəfindən ələ keçirilməsi ilə sonlandı. RF sülhməramlıları isə buna qarşı hər hansı tədbir həyata keçirə bilmədi. Çünki Azərbaycan öz ərazisində tam hüquqlu ixtiyar sahibidir. Həm hüquqi, həm siyasi və həm də hərbi baxımdan. Qardaş Türkiyə dövləti də Azərbaycanın bu addımını tam şəkildə dəstəklədi.
RF MN-nin bununla bağlı olaraq yaydığı təxribat xarakterli məlumat isə Azərbaycan XİN və MN tərəfindən edilmiş ciddi xəbərdarlıqdan sonra tam olaraq yığışdırıldı”.
Amid Əliyev bütün bu hadisələr fonunda Rusiyanın Azərbaycana qarşı hansısa ciddi addımları atmaqdan çəkinəcəyini vurğulayıb:
“Çünki, birincisi Azərbaycanla Rusiya artıq müttəfiqdirlər, bununla bağlı saziş var və sazişdə qanunsuz silahlı birləşmələrə qarşı birgə mübarizə haqqında maddə öz əksini tapıb. İkincisi, Rusiya cənubda yenidən aktiv müharibənin başlanmsını istəmir.
Ona görə ki, bölgədə Qərbin iqtisadi və siyasi maraqları olduqca güclüdür. Üçüncüsü isə Türkiyənin bölgədə mövcudluğu və yaranmış müharibə vəziyyətində vasitəçilik edərək Rusiyanı xilas etməyə çalışan bir ölkə ilə münasibətlərin korlanması heç də Rusiyaya sərf etmir. Məhz bu səbəblərdən Rusiya Qarabağda baş verən hadisələrdə Azərbaycanın haqlı və beynəlxalq hüquqa uyğun mövqeyini dəstəkləməyə davam edəcək”.
Murad Əhmədov, Bizim.Media