NATO-nun Ukraynaya yetərli dəstək göstərməməsinin əsas səbəbi budur - Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

NATO-nun Ukraynaya yetərli dəstək göstərməməsinin əsas səbəbi budur - Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: NATO-nun Ukraynaya yetərli dəstək göstərməməsinin əsas səbəbi budur - Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

66517

ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiya-Ukrayna müharibəsinin hər an dayana biləcəyini istisna etmir. Onun fikrincə, qərarı Rusiya prezidenti Vladimir Putin verəcək.

Hərbi əməliyyatların 31-ci günündə Bizim.Media-nın suallarını cavablandıran Metyu Brayza NATO-nun Ukraynaya gözlənilən dəstəyi göstərməməsini üçüncü dünya müharibəsini başlatmaq istəmədikləri ilə əlaqələndirib.

Bu gün Ukrayna torpaqlarında 30-cu gündür ki, müharibə davam  edir. Rusiya Prezidenti cənab Putini yaxından tanıyan bir diplomat olaraq soruşmaq istərdik ki, bu müharibə hansı halda dayana bilər?

- Rusiya Ukraynanın işğalını istədiyi vaxt dayandıra bilər, çünki müharibəni qızışdıran və Ukraynanı işğal edən Rusiyadır. Ukrayna Rusiya üçün heç bir təhlükə yaratmırdı. Beləliklə, müharibəni nə vaxt dayandırmaq tamamilə prezident Putinin qərarlarından asılıdır. Yeri gəlmişkən, bu, ən azından hələlik Rusiyanın qətiyyən qazanmadığı və əksinə uduzduğu müharibədir. 

- Cənab Brayza, NATO-nun Ukraynaya birbaşa dəstəyini hiss etmirik. Düzdür dolayı yollarla yardımlar edilir. Ötən gün reallaşan sammitdə də bunu gördük. Və ən önəmli sual, biz həqiqətən 3-cü dünya müharibəsini yaşayırıq?

- Prezident Putin NATO ərazisinə hücum etmək qərarına gələrsə, müharibə NATO ərazisinə yayıla və bəzi insanların dünya müharibəsi adlandırdığı müharibəyə çevrilə bilər. O, son bir neçə gündə Polşaya qarşı təhdidlər səsləndirib. NATO-nun cavabı isə tamamilə aydın oldu ki, NATO öz ərazisinin hər kvadratmetrini müdafiə edəcək. Bu da o deməkdir ki, təşkilat üzvü olan istənilən dövlətə hücum edən hər hansı Rusiya qüvvələri ilə döyüşəcək və onları məhv edəcək. Amma hələlik, sizin dediyiniz kimi, NATO-nun Ukraynaya dəstəyi birbaşa deyil. Bu dəstək həm xeyli sayda rus helikopterini sıradan çıxaran portativ hava hücumundan müdafiə sistemlərini, həm də ABŞ və Böyük Britaniya tərəfindən təmin edilən tank əleyhinə raket sistemləri kimi döyüş meydanında çox faydalı silahların təmin edilməsini əhatə edir. Hətta indi Almaniya da Ukraynaya bu cür yardım edir. Bu, tarixi bir dəyişiklikdir, çünki Almaniya heç vaxt öz ərazisindən kənardakı heç bir dövlətə hərbi yardım etməyib.

- Sizcə də ümidi NATO-ya olan bir ölkə üçün (Ukrayna – Red) qurum başqa addım ata bilməz?

-NATO Rusiyaya ən yaxın olan üzv ölkələrdə, yəni üç Baltikyanı dövlətdə, eləcə də Polşada daha çox NATO qüvvələri yerləşdirməklə Ukraynanı dəstəkləyir. Və dünən də elan edildiyi kimi, Rumıniya, Macarıstan Slovakiya və Bolqarıstanda yerləşdiriləcək dörd yeni döyüş qrupu yaradılacaq. Bununla da NATO təşkilatın Şərqi Avropadakı mövcudluğundan narahat olduğu üçün bu müharibəni başlatdığı iddia edilən Putinə böyük strateji zərbə vurur. Bu müharibə nə qədər uzun olsa, Putin NATO-nun hərbi mövcudluğunu getdikcə daha çox hiss edəcək. Lakin hələlik NATO açıq şəkildə bildirib ki, Ukraynada öz qoşunlarını yerləşdirmək istəmir, əksinə, Rusiya ilə birbaşa hərbi münaqişədən qaçmaq istəyir. 


- Polşanın NATO sammitində sülhməramlılarla bağlı açıq təklifi var idi. NATO bunu edəcək?

- Bəli, NATO-nun Brüsseldə keçirilən sammitində Polşa tərəfi təklif edib ki, NATO və ya ən azı NATO-ya üzv dövlətlər Ukrayna daxilində sülhməramlı missiyada öz əsgərlərindən bir neçəsini yerləşdirsinlər. NATO-nun bunu təsdiqləyəcəyini düşünmürəm. Bu, Ukrayna prezidenti Zelenskinin davamlı olaraq irəli sürdüyü təklifə bənzəyən yeni bir təklifdir ki, bu da NATO-nun Ukrayna üzərində uçuşa qadağa zonası yaratması deməkdir, lakin hər iki halda, istər sülhməramlı qüvvə olsun, istərsə də uçuşa qadağa zonası, NATO və ya təşkilata üzv dövlətlər məsələyə qarışarsa, NATO-nu Rusiya ilə müharibədə görəcəyik. Bu isə bizi bunun Dünya Müharibəsinə səbəb olub-olmayacağı ilə bağlı sualınıza qaytarır.

- Ən önəmli məqam, Rusiyanın dünyanı hədələdiyi kimyəvi silah. Bu baş tuta bilər?

- Əgər prezident Putin özünün dediyi kimi "ənənəvi hərbi münaqişənin gərginliyini azaltmaq, qarşı tərəfi döyüşü dayandırmağa məcbur etmək" üçün Rusiyanın hərbi doktrinasının bir hissəsi kimi kimyəvi və ya nüvə silahlarından istifadə edərsə, məncə, biz NATO-nun baş katibi Stoltenberqin də dünən dediyi kimi tamamilə fərqli mənzərənin şahidi ola bilərik. Və bu, Rusiya üçün çox ciddi hərbi zərərə səbəb ola bilər.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO