“Qarabağda nə baş verir? Heç nə, Müdafiə Nazirliyinin açıqlamasından da göründüyü kimi Azərbaycan ordusu güc tətbiq etmədən, sadəcə, mövqeləri dəqiqləşdirir. Bunun orada yaşayan 120 min hay üçün böyük təhlükə yaratdığını deyən Ermənistanın baş naziri Nikol Paşinyan da haray-həşir salmamışdan öncə onların sayını dəqiqləşdirsə pis olmazdı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabından yazdığı statsuda bildirib.
Deputat fikirlərinin davamında Qarabağdakı ermənilərin sayı ilə bağlı yol verilən manipulyasiyalara da diqqət çəkib:
MÖVZU İLƏ BAĞLI:
“İrandan keçən yol Zəngəzur dəhlizini ikinci plana keçirəcək” – Sahib Alıyev
“Rusiya qaynaqları Qarabağda 53-57 min hayın olduğunu bildirir. Amma o rəqəm belə bəlli səbəblərdən şişirdilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi ən çeşidli mənbələrdən əldə olunan məlumata görə oradakı hayların sayı 25 mini keçmir. Daha dəqiqi martın ortalarına qədər belə idi. Yəni Qarabağın Rusiya Hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayan hayların sayı Paşinyanın gətirdiyi statistikada göstəriləndən hardasa 5 dəfə azıydı. Mart soyuqları düşəndən qaz təminatıyla bağlı yaranan problemdən sonra isə mümkündür ki, 6 dəfə azdır. Demək, Qarabağdakı hayların sayı şişirdildiyi kimi, onların üzləşdikləri "təhlükə" haqqında deyilənlər də həqiqəti əks etdirmir”.
“Yeri gəlmişkən, mövqe dəqiqləşməsindən sonra Xocalı, Əsgəran və Xanabadın əl içi kimi göründüyü haqda bilgilər var. Hə, bir də bildirilir ki, mövqelərin dəqiqləşdirilməsi prosesi davam edir”, - Sahib Alıyev fikirlərini yekunlaşdırıb.
Bizim.Media