Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycanda səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının ekspert qrupunun üzvləri iştirak ediblər.
Görüş zamanı tərəflər, Azərbaycanla BMT arasında əməkdaşlıq, həmçinin UNEP ilə Azərbaycan arasında gündəlikdə duran digər praktiki məsələlər ətrafında fikir mübadiləsi aparıb.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti MÜZAKİRƏ ETDİ
Görüşdə, habelə azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, o cümlədən ətraf mühit sahəsində ikitərəfli münasibətlərin dərinləşdirilməsi imkanları və Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məsələlər müzakirə mövzusu olub.
Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini söyləyən nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən BMT-nin Ətraf Mühit Proqramının işğaldan azad olunmuş ərazilərdə biomüxtəliflik və ekosistemlərin bərpasına dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.
Görüş zamanı qarşı tərəf regiondakı hazırki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan böyük həcmli bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, qarşıda duran vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədə qarşı tərəfə məlumat verib.
Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və 30 ilə yaxın davam etmiş işğal nəticəsində 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyü, azad edilmiş ərazilərdə meşə ehtiyatlarının, flora və faunanın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının, torpaqların vəziyyətinin işğala qədərki dövrlə müqayisəli qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsində görülmüş işlər, o cümlədən deqradasiya olunmuş torpaqlar, hərbi eroziya, “Ağıllı kənd” layihəsi, “Yaşıl enerji zonası konsepsiyası”, peyk təsvirləri əsasında işğaldan azad edilmiş ərazilərin monitorinqi və görüləcək bərpa işləri beynəlxalq ekspertin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov, bu xüsusda Azərbaycanda bu istiqamətdə aparılan fəaliyyətdə UNEP-in iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bizim.Media