Ağ Partiya Başqanı Tural Abbaslının ötən gün qatıldığı canlı yayımda səsləndirdiyi fikirlər ölkə ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olub. Xüsusilə də partiya sədrinin “Mən də Putinin yerində olsa idim, Ukraynanı işğal edərdim” sözləri sosial şəbəkələrdə xeyli sayda insan tərəfindən paylaşılıb.
Sözügedən açıqlamanın səbəbini və bu fikirləri səsləndirməklə nəyi nəzərdə tutduğunu öyrənmək üçün Tural Abbaslının özü ilə əlaqə yaratdıq.
Ağ Partiya sədri Bizim.Media-ya verdiyi açıqlamasında fikirlərinin kontekstdən çıxarılaraq tirajlandığını bildirib:
“İlk öncə qeyd edim ki, hal-hazırda Azərbaycanda Ukrayna ilə bağlı ajiotaj var. Eyni vəziyyət 2005-ci ildə Ukraynada və sonrakı dövrlərdə Gürcüstandakı olaylarla bağlı yaşanıb. Amma görünən odur ki, koordinasiyalı şəkildə mənim bu məsələ ilə bağlı fikirlərim kontekstdən çıxarılır və bilərəkdən tirajlanır. Maraqlısı budur ki, siyasi cameənin müxtəli kəsimlərindən olan siyasətçilər eyni cümlələrlə bu məsələni tirajlayırlar. Bu da düymənin haradan basıldığını deməyə əsas verir”.
Fikirlərinin davamında Ağ Partiya başqanı “düymənin hardan basıldığına” da aydınlıq gətirib:
“Düşünürəm ki, başında Mehdiyev müəllimin durduğu daxilimizdəki “5-ci kolon” və uzantıları bizim keçmiş “müxalifətçilər”ə çıxan bir şəbəkənin təxribatlarıdır. Mən orda qeyd etmişəm ki, Krımı tutandan sonra Rusiyaya qarşı heç bir təbir görülmədi deyə, adam iştahlandı ki, niyə də olmasın? Kim olsa həvəslənib bunu edər də. Biz məgər Zəngəzuru qaytarmaq istəmərikmi? Bu baxımdan sırf qeyd olunan cümləni kontekstdən çıxarmaq qərəzin göstəricisidir.
İnsanları da qınamıram. Onların da vaxtı yoxdur ki, bir saat verilişə baxsınlar. Lakin orada bu kontekstdə deyilmişdi ki, bu olaylar Qərbin dişsizliyi və mövqeysizliyinin nəticəsidir.
Ukrayna və xalqı bu dəqiqə NATO-nun, Amerika və Avropanın qurbanına çevrilib. Putin baxdı ki, Krımı, Donetski, Luqanskı tutdu nə etdilər ki, indi də niyə də olmasın? Şər böhtan ayaq tutar, amma yeriməz. Ona görə biz narahat olmuruq”.
Tural Abbaslı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini də qeyd edib. Fikirlərinin davamında partiya sədri Zelenskini “klon” adlandırması məsələsinə də toxunub:
“Bu gün dünyanın bütün ciddi politoloqları qeyd edir ki, Ukrayna NATO-ya inanmaqla yalnış addım atıb. Bu o deməkdir ki, siyasəti bilmək lazımdır. Dünən Bayden çıxış edərkən, ukrayna xalqı yerinə iran xalqı dedi. Bu da dünyanın məsələyə göstərdiyi mövqeyin göstəricisidir. Xalq orda qırılır, körpələrin başına bombalar yağır, ölkənin xəritədən silinməsi təhlükəsi var, adam hələ nitqinə hazırlıqlı çıxmır. Deyir ki, biz döyüşlərə qatılmayacağıq, maddi yardımlar göndərəcəyik. Bir ukraynalı körpənin həyatı neçə yüz milyondur?”
Murad Əhmədov, Bizim.Media