Bütün dünyanın diqqət mərkəzində olan Ukrayna konfliktində vəziyyət günbəgün daha da ağırlaşır. Fevralın 2-də Rusiya və Ukrayna nümayəndələri arasında Belarus-Ukrayna sərhədində baş tutan görüş də nəticəsiz çatıb. Tərəflərin yenidən danışıqlar masasına əyləşməsi razılaşdırılsa da, siyasi şərhçilərin mütləq əksəriyyəti dialoqun növbəti mərhələsi ilə bağlı da optimist mövqedən çıxış etmirlər.
3-cü aktorların bir çoxu münaqişənin tez bir zamanda sonlanmasının tərəfdarı olduqlarını bildirsələr də, əlini daşın altına qoymaq istəyənlərin sayı o qədər də çox deyil. Bu cür vasitəçilik təşəbbüsü təklif edən ölkələr sırasında isə, Türkiyənin adını xüsusilə fərqləndirmək olar.
Belə ki, münaqişənin aktiv fazasının start götürdüyü ilk günlərdə rəsmi Ankara tərəfləri əməliyyatları dayandırmağa çağırmaqla yetinmişdi.
Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 2-də ölkə mətbuatı qarşısında çıxışı zamanı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, Rusiyanın hücumunu qəbul etmədiklərini vurğulayıb. Eyni zamanda, Türkiyə tərəfi Montrö sazişində əks olunan müddəaya istinad edərək, münaqişə tərəflərinin hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçidini də məhdudlaşdırıb.
Rəsmi Ankaranın ortaya qoyduğu mövqe, Türkiyənin vasitəçi kimi danışıqlar masasında özünə yer tutması ehtimallarını daha da gücləndirib.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Rusiya ilə görüşdən DANIŞDI – “Biz belə taktikaları qəbul etmirik”
Türkiyənin bu cür sülhməramlı missiyasının gerçəkliyə dönüşməsini mümkün edə biləcək faktorlar da az deyil:
1. Türkiyə həm Ukrayna, həm də Rusiya ilə uğurlu münasibətlərə malik olan bəlkə də yeganə güclü aktordur. Belə ki, Türkiyə Ukrayna hökumətinin inteqrasiyada maraqlı olduğu NATO-ya üzvdür. Eyni zamanda rəsmi Ankaranın Moskva ilə əlaqələri də digər Alyans üzvlərindən köklü şəkildə fərqlənir.
2. Qərb liderlərinin “yumşaq” obrazından fərqli olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz iradəsini açıq şəkildə diqtə etməyi bacaran xarizmatik liderdir. Bu amilin Rusiya ilə münasibətlərdə mühüm rola malik olduğunu diqqətdən kənar saxlamaq olmaz. Çünki istər Qarabağ konfliktində, istərsə də Suriyada Türkiyənin ortaya qoyduğu qətiyyətli mövqe Rusiyanı konsensusa getməyə məcbur etməyi bacarmışdı.
3. Türkiyə digər NATO üzvlərindən fərqli olaraq Rusiyanın hərbi əməliyyatlara başlamasını Kreml üçün labüd edən ritorika ilə çıxış etməyib. Obrazlı şəkildə ifadə etsək, Qərbdən fərqli olaraq Ankara Ukraynanı Rusiyanın ağzına atıb kənara duranlardan deyil.
4. Türkiyə region ölkəsi kimi münaqişənin tez bir zamanda həll olunmasında digər güclərdən daha maraqlıdır. Çünki Qara dəniz ölkəsi olan Türkiyə üçün konfliktin genişlənməsi bu və ya digər situasiyada müəyyən təhlükəsizlik problemlərinin yaranmasına gətirib çıxara bilər. Buna görə də, Ankara münaqişə tərəflərindən birini kor-koranə müdafiə edəcək güc olmadığı üçün, dialoqda daha neytral mövqe sərgiləyə bilər.
5. Əksər ekspertlərin qənaətinə görə, Rusiya Ukraynada qarşısına qoyduğu hədəflərə nail ola bilməyəcək. Onların fikrincə, Moskva bundan sonra öz məqsədlərinə çatsa belə, Kreml artıq öz nüfuzuna kifayət qədər zərbə vurub. Bu səbəbdən də, Rusiya yeganə çıxış yolu kimi qısa müddətdə dialoqa başlayaraq, mövqeyindən güzəştə getməyə məcburdur.
Danışıqlar masasında tək Ukraynanın, yaxud da Qərb aktorlarının qarşısında konsensusa getməkdənsə, Ankara qarşısında bunu etmək daha qəbulolunan variantdır.
Bütün sadalananları nəzərə alaraq, Ankaranın vasitəçi missiyası üçün ən optimal seçim ola biləcəyini əminliklə söyləyə bilərik. Konflikt tərəflərinin konsensusa gedərək, dialoqa nə zaman real maraq sərgiləyəcəkləri isə hələlik müəmmalı olaraq qalır.
Murad Əhmədov, Bizim.Media