"Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıb. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür".
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident AZƏRTAC-a müsahibə verdi - FOTO
"Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb.
Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir.
İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir", - Prezident vurğulayıb.
Bizim.Media