Azərbaycan ABŞ ilə super saziş sayəsində YENİ MƏRHƏLƏYƏ qədəm qoyur

Azərbaycan ABŞ ilə super saziş sayəsində YENİ MƏRHƏLƏYƏ qədəm qoyur

Hazırda oxunan: Azərbaycan ABŞ ilə super saziş sayəsində YENİ MƏRHƏLƏYƏ qədəm qoyur

595697

Azərbaycan ilə ABŞ arasında imzalanan Strateji Əməkdaşlıq Xartiyası həm respublika, həm region, həm də ABŞ üçün çox uğurlu sənəd olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə minval.az-a şərh verən iqtisadçı, UNEC-in iqtisadiyyat kafedrasının dosenti Emin Qəribli danışıb.

Onun sözlərinə görə, Xartiya Prezident İlham Əliyev və ABŞ Vitse-prezidenti Cey D. Vens tərəfindən imzalanıb.

Qəribli qeyd edib ki, Xartiyanın məhz bu dövrdə və məhz Azərbaycanda imzalanması təsadüfi deyil. Sənədin bütün maddələri gələcəkdə Azərbaycan və regionun dayanıqlı iqtisadi inkişafını təmin edəcək, həmçinin ABŞ ilə əlaqələrin dərinləşməsinə xidmət edəcək.
 

O bildirib ki, sənəddə Azərbaycanın son illərdə pozitiv imic qazandığı vurğulanır. Dünya iqtisadiyyatında böyük rol oynayan bir ölkə ilə təhlükəsizlik, diplomatiya, enerji, investisiya və iqtisadiyyat sahələrində belə bir Xartiyanın imzalanması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.


Müdafiə sahəsində əməkdaşlıq yeni texnologiyaların və avadanlıqların alınmasını təmin edəcək. Xartiyada Azərbaycanın beynəlxalq nəqliyyat və enerji tranzit koridoru kimi rolu da xüsusi qeyd olunub. ABŞ investisiya qoymaq və əməkdaşlıq etmək niyyətini göstərib, süni intellekt sahəsində əməkdaşlıq da maraq doğurur.

Emin Qəribli əlavə edib ki, Xartiya çərçivəsində sülh üçün atom energetikası sahəsində əməkdaşlıq da Azərbaycanın yeni inkişaf mərhələsini təmsil edir. Bu, ölkənin Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu artıracaq və atom enerjisinin inkişafı bir sıra sənaye sahələrinə də stimul verəcək.
 

Xartiya həmçinin regional əlaqəliliyi, enerji, ticarət və tranzit sahələrini əhatə edir. Sənədə Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz), enerji və rəqəmsal infrastruktur, TRIPP layihəsi (Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi) daxildir. Həmçinin neft, qaz, elektrik enerjisi sahəsində əməkdaşlıq, interkonnektorların inkişafı, sülh üçün atom enerjisi və kritik mineralların tranziti nəzərdə tutulur.


Xartiyada iqtisadiyyat, investisiyalar və süni intellekt sahələri üzrə əməkdaşlıq da əksini tapıb. ABŞ və Azərbaycan iqtisadi artımı sürətləndirmək, investisiyaları artırmaq, biznes mühitini yaxşılaşdırmaq üçün əməkdaşlığı genişləndirməyi planlayır.

Enerji, ticarət, maliyyə və nəqliyyat sahələrində Azərbaycanın rolunun gücləndirilməsi də məqsəd qoyulub. Sənəddə həmçinin kosmik sənaye, süni intellekt, rəqəmsal infrastruktur, R&D dəstəyi, kiber təhlükəsizlik, texnologiyaların kommersiyalaşdırılması, təcrübə mübadiləsi, texniki yardım və kadr hazırlığı nəzərdə tutulub.
 

Xartiyada qeyd edilir ki, Cənubi Qafqazda sülh həm Azərbaycanın, həm də ABŞ-ın maraqlarına uyğundur. Təhlükəsizlik sahəsində əməkdaşlıq regional və beynəlxalq sabitliyi gücləndirir. ABŞ Azərbaycanın sülhməramlı missiyalara verdiyi töhfəni yüksək qiymətləndirir və tərəflər müdafiə əməkdaşlığını, terrorizmə qarşı mübarizəni, kiber təhlükəsizliyi, kritik infrastrukturun qorunmasını və humanitar minatəmizləmə dəstəyi layihələrini genişləndirməyi planlayır.


Emin Qəribli vurğulayıb ki, Xartiyanın bütün maddələrinin həyata keçirilməsi Azərbaycanın və regionun dayanıqlı inkişafına xidmət edəcək və ABŞ ilə əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO